|
|
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, xalq yaradıcılığının təbliği istiqamətlərində islahatlar uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən müvafiq konseptual proqram və layihələr sırasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının xüsusi yeri vardır. Proqrama əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələri (şöbələri) müxtəlif nominasiyalar üzrə namizəd şəhərlər barədə təkliflərini Nazirlik tərəfindən yaradılmış müvafiq Təşkilat komitəsinə təqdim edəcəklər. Bütün təkliflər təhlil edildikdən sonra namizədliyi irəli sürülmüş şəhərin nominasiya üzrə tarixi ənənələri, ümumi hazırlığı, müvafiq sahənin inkişafı, xalq yaradıcılığı subyektlərinin (ustad, kollektiv və s.) sayı, respublika və beynəlxalq tədbirlərdə iştirakı, mədəniyyət infrastrukturunun (mədəniyyət sarayları, evləri, klubları, parkları və s.) mövcud vəziyyəti, keçiriləcək tədbirlərin kəmiyyəti, səviyyəsi, maliyyələşdirilməsi və s. nəzərə alınmaqla növbəti illər üçün Folklor, Sənətkarlıq, Diyarşünaslıq üzrə “Azərbaycanın Folklor Paytaxtı”, “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunacaqdır. Təsdiq olunmuş Tədbirlər Planına əsasən paytaxt seçilmiş şəhərlərdə nominasiyalar üzrə bir sıra rəsmi mərasimlər, milli və beynəlxalq elmi-praktiki konfranslar, dəyirmi masalar, respublika və beynəlxalq səviyyəli konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar, infoturlar və s. təşkil olunacaqdır. Proqramın icrası nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin, milli folklor ustaları və kollektivlərinin, milli adət-ənənələrin və eyni zamanda Respublikasının şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılmasına nail olunacağı, regionların sosial-mədəni həyatına müsbət təsir göstərəcəyi, mədəni turizmin inkişafı və yeni iş yerlərinin açılacağı gözlənilir. Əlavə məlumat: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektoru (tel: 493-99-62, email: vuqar.mammadov@gmail.com)
|