Kitabxananın Dövlət Proqramı çərçivəsində keçirilən daha bir layihəsi
16.07.10 | İntiqam Hümbətov
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Milli Ordusuna həsr olunmuş layihə işləmişdir. Layihə əsasında kitabxananın Veb-saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir. Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanmışdır. Kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın Milli qəhrəmanı Nizami Məmmədovun anım gününə həsr olunmuş “Xalq qəhrəmanlığı unutmur” mövzusunda dəyirmi masa keçirilmişdir. “Şəhid ailəsinə mənəvi dəstək” mövzusunda şəhid ailələri və milli qəhrəman anaları ilə keçirilən görüş oxucuların böyük marağına səbəb olmuşdur.
Sözügedən layihə çərçivəsində hüquq elmləri namizədi Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabı hazırlanmış və nəşr edilmişdir.
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa müraciətindən sonra təşkil olunmuş Quba-Qusar könüllülərindən ibarət batalyonun yaranması, erməni təcavüzkarlarına qarşı batalyon igidlərinin ölüm-dirim mübarizəsi, sıravi əsgərdən tutmuş zabitə kimi hər bir döyüşçünün düşmənə nifrət hissi ilə torpaqlarımızın qorunması uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapmışdır. Kitabda dərc olunan materialların və faktların toplanmasında Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Quba rayon şöbəsi, Quba rayon Mədəniyyət və Turizm Şöbəsi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi iştirak etmişlər. Kitabın elektron versiyası M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az) və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının (www.ryl.az) veb-saytlarında yerləşdirilmişdir.
Ə.Eyvazovun “Bir batalyonun tarixi” kitabının təqdimat mərasimi iyulun 24-də Quba şəhərində keçiriləcəkdir.