Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
25.05.2017 13:59
Bakı Şopinq Festivalına görə bir qrup şəxs mükafatlandırıldıMayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının təşkil olunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qaldı: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. 1 ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”. Nazir qeyd etdi ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı oldu. Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırdı. Vurğulandı ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq. Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Cəfərova, Turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev “Fəxri turizm işçisi”, İncəsənət şöbəsinin əməkdaşı Mənzərxanım Nurəliyeva “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir qrup şəxsə isə nazirliyin fəxri fərmanı təqdim olundu. ..
24.05.2017 16:22
Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildiAprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Ticarət festivalı (Baku Shopping Festival) təşkil olundu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi. Mayın 24-də “Bulvar Hotel”də Şopinq festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalı haqqında məlumat verdi. Bildirdi ki, dünyada əsasən xarici turistlər üçün nəzərdə tutulan ticarət festivalları məhz ilk dəfə Azərbaycanda yerli vətəndaşları da əhatə etdi: “Ölkəmizdə ilk dəfə təşkil olunan Ticarət festivalına həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının marağı yüksək olub. Bu festivaldan daha çox yerli vətəndaşlar yararlanıb. Əldə olunan nəticələrə görə deyə bilərik ki, festival kifayət qədər müsbət nəticələrlə yadda qaldı. Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Qısa müddətdə hazırlanan festival müvafiq dövlət orqanlarının səyləri nəticəsində yüksək səviyyədə baş tutdu. Biz ehtimal edirik ki, bu ilin sonuna qədər ikinci festivalın da keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitn daxil olacaq”. Nazir daha sonra Şopinq festivalının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, bu cür festivallar ölkəmizdə ənənəvi olaraq keçiriləcək. Ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində atılan digər addımlarla yanaşı, Şopinq festivalı da bu sahəyə öz töhfəsini verəcək: “Apardığımız rəy sorğularına görə Bakı Şopinq Festivalında iştirak edənlərin 98 faizi festivaldan məmnun qaldıqlarını bildiriblər. Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Dövlət büdcəsinə isə 5,6 milyon manat vəsait daxil olub”. Qeyd olundu ki, aprel ayı ərzində ölkəmizə 187 min 577 turist gəlib. 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım var. Mayın ilk on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub. Nazir festivalın tanıtım tədbirlərinin də uğurla həyata keçirildiyini dedi: “Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə qeydə alınıb”. Bildirildi ki, festival çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunub: “Bir ay müddətində şou-proqramlar, əyləncəli tədbirlər keçirilib. Həmçinin paytaxtın Sabir bağında Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən mədəni tədbirlər təşkil edilib. İlk dəfə keçirdiyimiz bu festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngin idi. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirən festival ilk gündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb oldu. Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib”. Nazir sonda Bakı Şopinq Festivalının təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Onu da əlavə etdi ki, növbəti Şopinq festivalı üçün hazırlıqlara başlanacaq. Vergilər nazirinin müavini Sahib Ələkbərov festivalın əhəmiyyətindən danışaraq qeyd etdi ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə ilk dəfədən ölkəmizdə turizmin inkişafı, ticarətin, habelə pərakəndə satışın genişlənməsi baxımından uğurlu olub. Festivalın yerli sahibkarlığın inkişafı sarıdan effektiv olduğunu söyləyən Sahib Ələkbərov qeyd etdi ki, festival çərçivəsində vətəndaşlarımızın da xarici turistlərə şamil olunan ƏDV-nin qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb. Diqqətə çatdırıldı ki, Festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. “Tax Free” sistemi üzrə 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb. Sonra Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək festivalın əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən danışdılar. Bildirildi ki, unikallığı ilə seçilən Bakı Şopinq Festivalı gələcəkdə bazarı uyğun məsullarla təmin etməklə yanaşı, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınmasını da planlaşdırır. Qeyd edək ki, 1 ay müddətində ƏDV-nin qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilmişdi. ƏDV-lərin qaytarılması üçün Vergilər Nazirliyi ilə birlikdə 6 alış-veriş mərkəzində xüsusi köşklər fəaliyyət göstərib. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşları aldıqları malın ƏDV-sini (18 faiz - müvafiq xidmət rüsumu çıxılmaqla) geri almaq imkanı əldə etdilər. ..
11.05.2017 17:01
Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurubAzərbaycan tarixində ilk dəfə təşkil edilən şopinq festivalına yekun vurulub. Belə ki, aprelin 10-dan mayın 10-dək keçirilən birinci Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu olub. Festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalla bağlı açıqlamasında Bakı Şopinq Festivalının dünya turizm bazarında böyük əks-səda doğurduğunu qeyd edib. Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində ilk dəfə olaraq ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana biliblər. Xatırladaq ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq olunub, mağazalar 30 faizdən 70 faizədək endirimlər edib. Bundan başqa, turistlər və Azərbaycan vətəndaşları üçün təqdim olunmuş xüsusi ƏDV qaytarılması proqramı bütün alıcılar tərəfindən razılıqla qarşılanıb. Xarici vətəndaşlar üçün “Tax Free” sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, festival zamanı məbləğ 100 manatadək endirilib. Habelə xarici turistlər “Tax Free” məbləğini həmişəki kimi, hava limanında deyil, şəhərdə geri ala biliblər. Bununla yanaşı, dünyada ilk dəfə olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən yararlanıb. Festival dövründə, demək olar, hər gün paytaxtımızdakı ticarət mərkəzlərində və Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə alıcıların, şəhərimizin sakinlərinin və turistlərin maraqla qarşıladığı əyləncə proqramları təşkil edilib. Eyni zamanda, Bakı Şopinq Festivalının fəxri qonaqları – dünya şöhrətli ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb. Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin diqqət mərkəzində olub. Tam əminliklə demək olar ki, Bakı Şopinq Festivalı brendə çevrilib və festivalın gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb. Gözlənildiyi kimi, uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna yaxın keçiriləcək və bu barədə məlumat yaxın vaxtlarda veriləcək. ..
06.05.2017 16:56
İştvan İygyarto : Bakı Şopinq Festivalı turizmin inkişafı üçün çox vacibdirMacarıstanın mədəni və elmi diplomatiya üzrə dövlət naziri İştvan İygyarto Bakı Şopinq Festivalını turizmin inkişafı baxımından çox vacib layihə adlandırıb. Nazir festival haqqında belə deyib: “Bakı Şopinq Festivalı kimi layihələr ölkə turizminin inkişafı baxımından çox vacibdir. Bu, eyni zamanda, ölkə iqtisadiyyatının çox əhəmiyyətli və sürətlə inkişaf edən sektorudur. Ölkə mədəniyyətini təşviq etmək üçün ölkəyə turist axını cəlb etmək lazımdır. Turistlər səyahətlə yanaşı, teatr və muzeylərə, restoranlara gedir, həmçinin şopinq edirlər. Ən əsası isə öz istirahətləri üçün çoxlu pul xərcləyirlər, bundan isə sizin ölkəniz qazanır”. ..
06.05.2017 11:52
Bakı Şopinq Festivalının bitməsinə beş gün qalıbÖlkəmizdə keçirilən Bakı Şopinq Festivalı şəhərimizdə alış-verişi daha da sərfəli etdi. Bakı butiklərində son vaxtlar çoxlarının nəzər yetirdiyi qiymət dəyişməsi baş verib. Geyim, ayaqqabı, aksesuar, parfümeriya, məişət avadanlığı və digər malların qiymətlərinin ən azı 30 faizədək endirilməsi və üstəlik hər 100 manatdan artıq alış-verişdə ƏDV-nin qaytarılması imkanı turistlər və yerli əhali üçün Bakı şəhərini aprelin 10-dan mayın 10-dək dünyanın ən cəlbedici şopinq məkanlarından birinə çevirdi. Əlverişli və dəbli şopinq etmək üçün artıq xaricə getməyə ehtiyac qalmır. Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bəzi Avropa ölkələri, Türkiyə, Dubay və Rusiyadan daha aşağı olan qiymətlər festivala qoşulmuş dükanlarda keçirilən, ən azından 30 faizədək güzəştlər və digər aksiyalar daha da sərfəli edir. Üstəlik, “Tax Free” xidmətindən faydalanıb ƏDV vergisini geri almaq imkanı festival zamanı Bakını çox sərfəli şopinq mərkəzinə çevirib. Bu gün Bakının əksər ticarət mərkəzlərində və brend mağazalarında festival ab-havası davam edir. Bakı Şopinq Festivalı bütün Bakı sakinlərini və turistləri cəmi 4-5 gündən sonra başa çatacaq əlverişli alış-veriş imkanı və digər fürsətlərdən maksimum yararlanmağa çağırır. Bakıda fəaliyyət göstərən və festivala qoşulmuş 200-dək mağazada şopinq etməklə həm büdcənizə qənaət etmək, həm də bəyəndiyiniz ən keyfiyyətli brend malları görünməmiş ucuz qiymətə almaq imkanını əldən verməyin. Cəmi beş gündən sonra endirim və güzəştlərin başa çatacağı həmin mağazaların adları və ünvanlarını Bakı Şopinq Festivalının rəsmi internet saytından (www.bakushopfest.com) əldə edərək alış-veriş etməyə tələsin. ..
06.05.2017 11:33
Jan Fransua Mansel: Bakı şopinq mərkəzinə çevrilirFransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün böyük üstünlük sayır. F.Mansel Bakını “qədim ənənələrlə gələcək imkanlar arasında özünəməxsus ittifaq yaradan cazibədar bir şəhər adlandırıb. Onun fikrincə, bu festival paytaxtımızın həm də şopinq mərkəzinə çevrildiyini göstərir. F.Mansel deyib: “Bakı festival ilə bağlı ilk sınaqdan uğurla çıxdı”. ..
05.05.2017 16:12
Bakı Şopinq Festivalı cəlbedici brendə çevrilə bilərBu sözləri IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Şopinq Festivalının saytına açıqlamasında deyib. Onun sözlərinə görə, turizm və şoping bir-biri ilə sıx əlaqəli sahələr olduğundan festival turistlərin də diqqətini cəlb edir. T.Rifai bildirib ki, foruma gəlməzdən əvvəl Bakıda Şopinq Festivalın keçirilməsi barədə eşitdiyi üçün həyat yoldaşını da özü ilə gətirib. O deyib: “Mən işlə məşğul oluram, həyat yoldaşım isə şopinqlə. Fürsət tapan kimi özüm də Bakını gəzməyə, festivalın güzəştli təkliflərindən də istifadə etməyə çalışacağam”. ..
05.05.2017 11:12
Bakı Şopinq Festivalından “Atelier Moscow” və Aleksandr Terexovla birgə möhtəşəm təklifBakı Şopinq Festivalı alıcıları çoxlu sayda sürprizləri ilə heyrətləndirməkdə davam edir. İndi festival çərçivəsində bütün dünya şöhrətli Aleksandr Terexovun baş dizayneri olduğu “Atelier Moscow” by Alexander Terekhov”un xidmətlərindən istifadə etmək olar. Aleksandr Terexovun “Atelier Moscow”u istənilən mürəkkəblikdə layihələrdən orijinal və unikal toy paltarları, ziyafət geyimlərindən tutmuş, gündəlik geyim və klassik kostyumlaradək eksklüziv tikiliş xidmətini təklif edən təcrübəli dizaynerlər və dərzilərdən ibarət komandadır. Mayın 5-də və 6-da Bakı Şopinq Festivalı çərçivəsində unikal fürsət təklif edilir – həmin günlər Bakıda olacaq “Atelier Moscow” komandası ilə şəxsən ünsiyyətdə olub istənilən sifarişi verə bilərsiniz. “Atelier Moscow” komandası nümayəndələri ilə ünsiyyət qurmaq və Bakı Şopinq Festivalının Tbilisi prospekti, 27 ünvanında yerləşən “Qlobus Plaza”dakı “Fashion Pavilionu”nda sifariş vermək lazımdır. Fərdi eskizin hazırlanması, material nümunələrinin təqdim edilməsi, məhsulun ilk andan hazır olma mərhələsinədək diqqət mərkəzində saxlanılması atelyenin iş prinsipinə daxildir. “Atelier Moscow” Avropanın ən yaxşı parça və aksessuar təchizatçıları ilə əməkdaşlıq edir. Müştərinin arzusuna uyğun olaraq, atelye müxtəlif materiallardan əl tikilişi də həyata keçirə bilər. Həmçinin Avropanın qabaqcıl fabriklərində tikiş üçün eksklüziv forma hazırlamaq mümkündür. “Atelier Moscow”da Aleksandr Terexovun kolleksiyasından istənilən modeli fərdi ölçüyə uyğun sifariş edə bilərsiniz. Bundan başqa atelye ən kiçik müştərilərlə də işləyərək istənilən formada uşaq geyimlərinin tikilişini həyata keçirir. “Alexander Terekhov Kids” kolleksiyasından modellərin uşaqlarınızın ölçüsünə uyğun tikilişi üçün sifarişi qəbul olunur. ..
04.05.2017 12:28
Milli Turizm Təbliğat Bürosu əyləncəli proqram təşkil edəcəkMayın 6-da Milli Turizm Təbliğat Bürosu “Park Bulvar” ticarət mərkəzində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün əyləncəli proqram təşkil edəcək. Bakı Şopinq Festivalı çərçivəsində saat 12:00-dən etibarən uşaqlar üçün əyləncəli animasiya proqramı, saat 13:00-dən etibarən isə populyar intellektual oyun - “breyn rinq“ formatında yarış keçiriləcək. İştirak ödənişsizdir. Qalibləri hədiyyələr gözləyir. Yarış rus dilində keçiriləcək. ..