Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
09.05.2017 13:57
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan KİV-lərinin diqqət mərkəzindəBakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan mediasında geniş işıqlandırılıb. Bolqarıstanın aparıcı mətbu orqanı olan “Standard” qəzeti, “Fokus” və “Kross” informasiya agentlikləri, “Novinite” xəbər portalı Forum haqqında ingilis və bolqar dillərində məqalələr yayıb. Məqalələrdə iki ildən bir keçirilən Forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduğu və 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün təsis edilmiş “Bakı prosesi”nin bir hissəsi olduğu bildirilir. Forumda müasir dünyamız üçün aktuallıq kəsb edən önəmli məsələlərin müzakirə edildiyi diqqətə çatdırılır. Dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri, ekspertləri, sülhməramlı səfirlərı, jurnalistləri, görkəmli ziyalıları bir araya gətirən bu Forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılması, xalqlar arasında müxtəliflik, dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi istiqamətində insanlar, ölkələr və təşkilatlar tərəfindən konkret addımların atılması üçün imkan yaratdığı və bunu təşviq edəcək beynəlxalq platformaya çevrildiyi bildirilir. Məqalələrdə, həmçinin Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu unikal məkan olan Azərbaycan haqqında tolerantlıq nümunəsi kimi bəhs edilir, multikulturalizmin ölkəmizin üstün dəyərlərindən biri olduğu qeyd edilir. Tolerantlıq və multikulturalizmin dərin köklərinə malik olan ölkə kimi Bolqarıstanın da Forumda yüksək səviyyədə təmsil olunduğu məqalələrdə diqqətə çatdırılır. Bolqarıstanın “Mediapool.bg” xəbər saytında “Azərbaycan Prezidenti multikulturalizmin müdafiəsində” adı ilə yayılmış məqalədə də Forumdan bəhs edilir, Prezident İlham Əliyevin Forumun açılışında iştirak etdiyi və iştirakçıları müxtəlif mədəniyyətlərin birgə sülh içində yaşaya bilməsinin real olduğunu sübut etmək üçün birgə səylərin göstərilməsinə çağırdığı vurğulanır. ..
08.05.2017 12:58
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdırIV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdır. Bu forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə bu forum gələcəyə ismarıc və sülh prosesinə mane olan bütün amillərə cavabdır. Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinc münasibətlərin mədəniyyətlərarası dialoq yolu ilə inkişafı” panel sessiyasının iştirakçısı, “International Institute “Life Beyond Tourism” Fondunun baş katibi Alesya Kuş söyləyib. A.Kuş deyib: “Birinci dəfədir ki, Bakıdayam. Şəhərdəki quruculuq işlərinin vüsəti, sakinlərin xeyirxahlığı, həssaslığı mənə çox güclü təsir bağışladı. Bu gözəl şəhərin daha da firavanlaşmasını, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslərin həyata keçirilməsində öz aparıcı rolunu daha da möhkəmlətməsini arzu edirəm”. ..
06.05.2017 18:45
Bakı Forumu çərçivəsində “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olubMayın 6-da Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO tərəfindən nəşr edilən “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub. Tədbirin moderatoru UNESCO-nun sosial və humanitar elmlər sektorunun dialoqun tarixi və yaddaşı şöbəsinin müdiri Ali Musa İye kitab haqqında məlumat verib. Bildirilib ki, kitabın ilk nəşri 1954-cü ildə - UNESCO yarandıqdan az sonra işıq üzü görüb. Bu toplu İslam mədəniyyətinin kompleks tarixini və ümumi coğrafi görünüşünü təqdim etmək üçün UNESCO-nun elm komitəsinin üzvləri, redaktorlar və müəlliflər arasında aparılan dərin akademik mübadiləni əks etdirir. Sonra çıxış edən UNESCO-nun və Ərəb Liqasının dərsliklər (tədris vəsaitləri) üzrə eksperti Favzia əl-Aşmavi İslam dünyasında qadınların rolundan danışıb. İslam cəmiyyətində qadınların rolunun getdikcə gücləndiyini bildirən ekspert deyib: “Orta əsrlərdə ərəb dünyasında qadınların ictimai-siyasi həyatda iştirakı çox zəif idi. XIX əsrdən başlayaraq müsəlman ölkələrində qadınların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm islahatlar aparılıb. Hazırda İslam dünyasında qadınlara böyük önəm verilir. Bu gün onlar cəmiyyətin müxtəlif sahələrində, o cümlədən siyasi, iqtisadi, təhsil sahəsində fəal rol oynayır, öz ölkələrində, hətta beynəlxalq təşkilatlarda yüksək vəzifələr tuturlar“. “İslam Da'wa” Təşkilatının baş katibi Ali Abdulrahim kitabın yalnız tarixi deyil, müxtəlif mövzuları əhatə etməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, nəşrin müəlliflərinə bu barədə təkliflər verdiyini və təkliflərinin nəzərə alındığını deyib. Məlumat verilib ki, kitabın hazırlanmasına təxminən 150 elm xadimi, o cümlədən müxtəlif ölkələrdən siyasətçilər, iqtisadçılar, filosoflar və ekspertlər cəlb olunub. Ali Abdulrahim qeyd edib ki, vahid yanaşma tərzi və plüralizmə əsaslanan perspektiv baxımından, altı cildlik toplu İslam mədəniyyətini daha yaxşı tanımağa imkan verir. Kitab həm mədəniyyətlər, həm də dinlər arasında dialoqun təşviqi üçün əhəmiyyətli vasitədir. Sonda kitabla bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. ..
06.05.2017 18:43
Azərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcəkAzərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcək. Bu fikir IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi” mövzusunda keçirilən sessiyada səslənib. Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni bildirib ki, bu şəbəkə ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin və mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır, turizmin inkişafına yol açır. Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə 1987-ci ildən bu günədək 30-dan çox ölkə qoşulub. Burada Avropa və Avropadan kənar ölkələrin marşrut şəbəkələri var. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sessiyanın mövzusunun Azərbaycan üçün əhəmiyyətini, mövzunun iki vacib məqama – turizm və mədəniyyət sahəsinə toxunduğunu diqqətə çatdırıb. Bildirib ki, hesablamalara görə, 2030-cu ildə dünyada turistlərin sayı 1,8 milyard nəfərə çatacaq. Azərbaycan-Gürcüstan transsərhəd marşrutu Qafqaz mədəniyyətinin inkişafında vacib rola malikdir. Bu marşrut daha da təkmilləşdirilərək turizmin inkişafına töhfə veriləcək. “Azərbaycan tarixi abidələr, təbiət mənzərəsi olan məkanlarla zəngindir. Ölkəmizə üz tutan turistlərin sayı hər il artır və onlar Azərbaycanın turizm potensialının şahidi olurlar”, - deyə nazir müavini vurğulayıb. “Müqəddəs Olavın Yolları” adlı marşrut şəbəkəsinin nümayəndəsi Hans Morten Lovrod qeyd edib ki, bu marşrut tarix ərzində ticarət, miqrasiya və müharibələr üçün istifadə olunub. Marşrutun adı din xadimi Olavın adı ilə bağlıdır. “Müqəddəs Olavın Yolları” insanlar arasında dini tolerantlıq və mədəniyyətlərin uzlaşmasını təmin edən əhəmiyyətli marşrut şəbəkəsidir. Avropa Şurasının mədəni marşrutlarının eramızdan əvvəlki qayaüstü incəsənət nümunələri üzrə məruzəçisi Ramon Montes video təqdimatla çıxış edib. Təqdimat zamanı qayaüstü incəsənət nümunələrindən bəhs edən məruzəçi Azərbaycanın bu istiqamətdə xüsusi yeri olduğunu söyləyib. Qobustanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bu sahə daha da genişləndirilib. Qobustan qoruğu Azərbaycanın minillik tarixini özündə əks etdirən ən mühüm abidələrdəndir. Bundan əlavə, Azərbaycanda başqa məkanlar da var və onlar həm turizm, həm də tarixi baxımdan vacib mövqedədir. “Iter Vitis” Mədəni Marşrutu üzrə nümayəndə Emanuel Panke marşrutun üzümçülük və şərabçılıqla bağlı olduğunu deyib. “Şərabçılıq və üzümçülük xalqların ortaq mədəniyyəti və məşğuliyyətidir. İnsanlar ziyafətlərdə, dostluq tədbirlərində şərabdan istifadə edirlər. Düşünürəm ki, şərab da mədəniyyətlərarası dialoqa töhfə verən bir vasitədir. Qafqaz ölkələri arasında Azərbaycan və Gürcüstanda üzümçülük və şərabçılıq geniş yayılıb. Bu ölkələrlə geniş əməkdaşlıq edirik. 2018-ci ildə Azərbaycanda üzümçülük və şərabçılıq marşrut şəbəkəsi ilə bağlı təqdimatlar etməyi düşünürük”, - deyə E.Panke vurğulayıb. “The Routes of the Olive Tree” təşkilatının nümayəndəsi Denise De Ruz zeytun ağacları marşrut şəbəkəsindən söz açıb: Zeytun ağacı tarixboyu mədəniyyətin, sülhün, sivilizasiyanın simvolu olub. Bir çox qədim tarixi əsərlərin, arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların üzərində zeytun ağacının cizgilərinə rast gəlmək olur. Sessiya çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Azərbaycanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bağlı sertifikat təqdim olunub. Nazir Azərbaycanın bu marşrut şəbəkəsində iştirakının əhəmiyyətini və ölkəyə əlavə turistlərin cəlbi üçün şərait yarandığını diqqətə çatdırıb. ..
06.05.2017 17:29
Forum çərçivəsində UNESCO-Şarjah mükafatı təqdim edilibBakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri açan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatı barədə məlumat verib. Bildirilib ki, 1998-ci ildə təsis olunan mükafat hər il ərəb mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan iki şəxsə verilir. Bu mükafata namizədlər ərəb mədəniyyətinin dünya miqyasında inkişafına, yayılmasına və təşviqinə əhəmiyyətli töhfələr verməlidirlər. Fransanın Yuxarı Elzas Universitetində medievalist, “Strasbourg-Mediterranee“ Festivalının prezidenti Miriam Şopin bildirib ki, mükafata laureatlar UNESCO-nun baş direktoru tərəfindən beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin tövsiyəsi əsasında seçilir. Bu gün dünyanın üzləşdiyi qloballaşma, dərin siyasi dəyişikliklər və sosial mutasiya fonunda bu mükafat tam olaraq qarşılıqlı anlaşma dəyərlərini təcəssüm etdirir. Şarjah İncəsənət Fondunun mədəniyyət və informasiya şöbəsinin sədri Abdullah əl-Ovais deyib ki, Şarjah mükafatı ərəb mədəniyyətinin təşviqi üçün təqdim olunur. Bu, ərəb dünyası alimlərinin əsərlərinin beynəlxalq miqyasda tanınmasına zəmin yaradan mükafatdır. Beynəlxalq təşkilatlar tərəfindən tanınan bu mükafatın təqdimat mərasiminin belə nüfuzlu tədbirdə keçirilməsi müxtəlif mədəniyyətlərdən olan insanların diqqətini ərəb dünyasının alimlərinin əsərlərinə yönəltməyə kömək edəcək. UNESCO-Şarjah mükafatı laureatı rəssam El Seed Faouzi öz əsərlərində ərəb dünyasına xüsusi yer verdiyini bildirib. Fransada böyüməsinə baxmayaraq, ərəb mədəniyyətinə vurğun olduğunu deyən El Seed Faouzi əsərləri ilə İslam incəsənətinə töhfə verməkdən məmnun olduğunu qeyd edib. Digər laureat musiqiçi Şamma Nasir musiqi vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə verdiyi üçün xoşbəxt olduğunu deyib. Qeyd edilib ki, mədəniyyətlərin inkişafı, yayılması üçün musiqidən istifadə etmək çox əhəmiyyətli ola bilər. İfa etdiyi musiqi aləti vasitəsilə bu prosesə dəstək verdiyini deyən Şamma Nasir müxtəlif ölkələrə səfər etdiyini, həmin ölkələrdə gənclərə bu sənətinin sirlərini öyrətdiyini bildirib. Diqqətə çatdırıb ki, gənclər incəsənəti daha tez qavrayırlar. Buna görə də gələcəkdə incəsənət vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə vermək üçün onların istedadlarını üzə çıxarmaq zəruridir. Çıxışlardan sonra Şəmma Nasirin və azərbaycanlı tarzən Şəhriyar İmanovun ifasında musiqilər səsləndirilib. ..
06.05.2017 17:01
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıbBakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar“ mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna mayın 6–da yekun vurulub. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə reallaşıb. Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun əhəmiyyətindən danışıb. “Forumun çox zəngin proqramı vardır. İki gün ərzində bizim müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. Aparılan müzakirələr bizi yenidən bu məsələlərə qatılmağa vadar edir. Dialoq çox önəmlidir. “Bakı prosesi“ bir daha sübut edir ki, hələ də əməkdaşlıq əlaqələri yaxşı səviyyədə qurulmayıb. Bu istiqamətdə birlikdə çalışmalıyıq“, - deyə natiq bildirib. Beynəlxalq təşkilatla birlikdə “Bakı prosesi“nə yeni töhfələr verəcəklərini söyləyən alim bu prosesin yeni layihələrə rəvac verəcəyini vurğulayıb. O qeyd edib ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb. UNESCO-nun baş direktoru İrina Bokova Forumla bağlı fikirlərini bölüşüb. Bildirib ki, hər bir yekun yeni başlanğıclar üçün imkanlar yaradır. Biz Bakıdan yeni fikirlərlə, ideyalarla ayrılacağıq. Birinci Forumdan ötən müddət ərzində görülən işlər artıq öz bəhrəsini verir. Bu mənada ki, Forumun coğrafiyası ötən müddət ərzində çox genişlənib. O deyib: “UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirtdik. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib və təşkilatdan 25 nəfər burada iştirak edib“. “Forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə, həmçinin bir sıra ölkələrin birinci xanımları ilə görüşlərimiz oldu. Bu görüşlərdə qadınların təhsili məsələsi ilə bağlı müzakirələr apardıq. Qadınların təhsili önəmlidir, ona görə ki, ekstremizmə qarşı mübarizədə bu, olduqca vacibdir. Bu Forum bizim üçün yaxşı fürsətdir. Keçirilən görüşlər, müzakirələr olduqca önəmli idi. Biz hər zaman bu Foruma öz töhfəmizi verməyə çalışacağıq“, - deyə UNESCO-nun rəhbəri vurğulayıb. Bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda belə bir Forumu keçirmək olduqca maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən Forumdan çox nikbinliklə ayrılıram və gələcəyə inamla baxıram. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Prezidentinə belə bir əhəmiyyətli forumun təşkilinə görə təşəkkür edib. Bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoq məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirən Nassir Abdulaziz Al-Nasser diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi“nin 10-cu ildönümünü qeyd edəcək və bu münasibətlə mükafatlar yüksək səviyyəli rəsmilərə təqdim olunacaq. ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan xalqına təşəkkür edib. O deyib: “Bu forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi“. Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan hökumətini təbrik edərək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq ənənəyə çevrildiyini vurğulayıb. “Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq“, - deyən Taleb Rifai Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Azərbaycanın müstəqil dövlət kimi gənc, eyni zamanda, müasir ölkə olduğunu qeyd edən Taleb Rifai deyib: “Biz mədəniyyətlərarası dialoq haqqında danışarkən başqalarına dərs öyrətmək məqsədi daşımırıq. Əksinə, biz özümüz üçün nəticələr çıxarmalıyıq. Elə mühit yaratmalıyıq ki, insanlar bir-biri ilə əlaqədə olsunlar. Bakıda təşkil edilən Forumda iştirak etməyimizdən qürur duyuruq“. Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın belə yüksək təşkilatçılığına görə təşəkkür ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın böyük sayda beynəlxalq təşkilatların üzvü olması məsuliyyəti daha da artırır. O deyib: “Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 123 ölkə təmsil olunur. İştirakçıların sayı 1500 nəfərdən çoxdur və onların təxminən 800-ü xaricdən gəlib. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, “dəyirmi masa“ və s. təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT televiziyası və BMT veb-saytı vasitəsilə yayımlanıb“. “Bakı prosesi“nin davam edəcəyini bildirən Ə.Qarayev gələn il bu prosesin 10 yaşı olacağını diqqətə çatdırıb. “Biz tarixi yaddan çıxarmamalıyıq. Çünki tarixi bilmədən gələcəyi görmək olmaz“, - deyən Ə.Qarayev bütün iştirakçılara Azərbaycan hökuməti adından təşəkkür edib. Sonda xatirə şəkli çəkdirilib. ..
06.05.2017 15:58
Leyla Əliyeva: Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdırMayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib. Sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi ofisinin attaşesi, moderator Rəşad əl-Xafaci sessiyanın müasir dünya üçün çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğuladı, IV Qlobal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra xoşməramlı səfir Leyla Əliyeva sessiyada çıxış edərək dedi: -Dünyanın müxtəlif yerlərindən insanların mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün Bakıya toplaşması çox sevindiricidir. Mədəniyyətlər və xalqlar arasında dialoq dünyada sülh və çiçəklənmə üçün əsas şərtdir. Bu dialoqun qəbul edilə biləcək alternativi yoxdur. Aramızda nə qədər az dialoq və anlaşma olarsa, bir o qədər ədavət və savadsızlıq üçün boş yer yaranacaq. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu Azərbaycandakı bütün xalqlar - istər müsəlmanlar, istər yəhudilər, istərsə də xristianlar sülh şəraitində dinc yanaşı yaşayıblar. Faktiki olaraq bunu heç kim “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Bu cür qarşılıqlı əlaqələr sadəcə gündəlik həyatın bir hissəsi olub. Məhz buna görədir ki, doğma şəhərimiz, gözəl Bakı hazırda mədəniyyətlərarası dialoq üzrə mərkəzlərdən birinə çevrilib. Bakı dünyanı daha da kamil etmək üçün planetin bütün yerlərindən gəlmiş müxtəlif mənşəli insanların qovuşduğu məkana çevrilib. Bu plenar sessiyada çıxış etməkdən olduqca məmnunam, onun mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi mənim üçün çox əhəmiyyətlidir. Sülh və davamlı inkişaf ilə birbaşa əlaqəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr bu tədbiri bu gün olduqca vacib və zəruri edir. Hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın qlobal səviyyədə artmasına qarşı mühüm əks-qüvvədir. Bununla belə, onun miqyası tolerantlıq və birgəyaşayış ideyalarının təşviq olunması ilə yanaşı, digər işlərin də görülməsini ehtiva edir. Mədəniyyətlərarası mübadilələr, həmçinin ümumi məqsədlərimizə nail olmaq üçün yeni innovativ yollar axtarılmasının vacibliyini şərtləndirir. Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Ümumi mövqeyi əks etdirən bu məqsədlərə nail olmaqla biz sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətləri formalaşdıra bilərik. Əslində, biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir. Bu, elə vaxtda baş verir ki, ərzağın və ərzaq məhsullarının üçdəbir hissəsi qlobal səviyyədə tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da çətinləşdirir. Lakin, eyni zamanda, qloballaşma kənd təsərrüfatı sahəsində biomüxtəlifliyə, ənənəvi biliklərə biganəliklə xarakterizə olunur. Bir-birindən həddindən artıq asılılıq və həmçinin məhsulların əldə edilməsi bizim eko-sistemlərimizə zərbə vurub. Tarix boyu mədəniyyətlər və millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar. Onlar öz ənənələrini qoruyub saxlayırlar. Bunun qorunub-saxlanılması ərzaq təhlükəsizliyinə, sülhə və dayanıqlı inkişafa xidmət edir. Təbii ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, əslində, ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına, onların qorunub saxlanılmasına xidmət edir. Başqa sözlə desək, biz gərək əminliklə səylərimizi birləşdirək ki, məhsullarımız gələcəyimizin məhsulu olsun. Təbii ki, ərzağın bölüşdürülməsi özü-özlüyündə mədəniyyətlərarası dialoqun bir formasıdır. Çünki mətbəx mədəniyyəti insanlara bir-biri ilə bir araya gəlmək, həmçinin stereotipləri aradan qaldırmaq və müxtəlif həyat tərzlərini anlamaq üçün bir vasitədir. Vaxt artıq yetişib. Beynəlxalq ictimaiyyət öz səylərini ərzaq təhlükəsizliyinin və qidalanmanın, mədəniyyətlərarası dialoqun və rifahın daha da yaxşılaşdırılmasına yönəltməlidir. Bu baxımdan mən Azərbaycanın dəstəyi, BMT-nin Sivilizasiyalar Alyansının və digər tərəfdaşların təşkilatçılığı ilə oktyabrda FAO-nun mənzil qərargahında dinlərarası mədəni identikliyin və fərqliliyin ərzaq təhlükəsizliyi vasitəsilə qorunması mövzusunda tədbirin keçirilməsini alqışlayıram. Bu tədbir, əslində, “Bakı prosesi”ndən irəli gəlir. O, məhz ərzağın tolerantlığın yayılmasına, mədəni fərqliliyin aradan qaldırılmasına xidmət edəcək. Əziz dostlar, heç bir ölkə və ya təşkilat ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf kimi universal məsələlərlə təklikdə məşğul ola bilməz. Dialoq çox vacibdir ki, qlobal inkişafın gündəliyi həyata keçirilsin. Bunu nəzərə alaraq, biz 2011-ci ildə IDEA-nı - “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyini yaratdıq. Məqsədimiz çox sadədir. İstərdik ki, ətraf mühitə daha uyğun, daha təhlükəsiz, daha sağlam gələcəyi təmin etmək üçün ictimai platformaya çevrilək. Bizim şüarımız belədir: “Vahid Yer kürəsi – vahid gələcək”. IDEA-nın layihələrinin miqyasına gəldikdə, biz təhsil, maarifləndirmə, tullantılarla mübarizə, dayanıqlı inkişaf mövzularında işləyirik. Son beş il ərzində bizim gənc təşkilatımız çox gözəl nəticələr əldə edib. Biz bütün ölkə ərazisində beş milyondan çox ağac əkmişik. Nəinki öz ölkəmizdə, digər ölkələrdə də ağac əkmişik. Biz, həmçinin ceyranları məhvolma təhlükəsindən qorumuşuq. Bununla bağlı bir sıra konservasiya layihələri həyata keçirmişik. Biz, həmçinin digər layihələri də həyata keçiririk ki, onların hamısı bizim hazırkı təşəbbüslərimizdən irəli gəlir. Xüsusən də Qafqaz bəbiri və Qafqazda bizonun yenidən artması. Eyni zamanda, biz bu kontekstdə digər addımlar da atırıq. IDEA ötən il Xəzər dənizində qızıl balığın qorunması ilə əlaqədar Kür çayının deltasının təmizlənməsi üzrə çox mühüm layihəsini irəli sürdü. Bu layihənin məqsədi balıq ehtiyatlarının artırılması, suyun keyfiyyətinin daha da yüksəldilməsi və çayların ətrafında ekologiyanın yaxşılaşdırılmasıdır. Mən, həmçinin qeyd etmək istəyirəm ki, bir neçə həftə əvvəl biz Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması təşəbbüsünü irəli sürmüşük. Biz bu layihəni FAO ilə bir yerdə həyata keçiririk. Biz bu layihə çərçivəsində kənd yerlərində meyvə ağaclarının əkilməsini planlaşdırırıq. Bu, həmin ailələr üçün mənfəət mənbəyi olacaq. Mən FAO-ya dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlığa, göstərdiyi səylərə görə FAO-nun Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk Ҫakmaka təşəkkürümü bildirirəm. Biz dinimizdən, irqimizdən, adət-ənənələrimizdən asılı olmayaraq, hamımız eyni planetdə yaşayırıq. Bizim ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Əsl reallıq onu göstərir ki, bu gün insanın fəaliyyəti, antropogen amillər təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar sahib olduqları zənginliklərin dəyərinin qədir-qiymətini bilməlidirlər. Bu baxımdan mən məşhur amerikalı rejissor, prodüser və müəllif Tom Şoydakın sözlərindən sitat gətirmək istəyirəm: “Təbiətdə heç nə ehtiyacından artığını götürmür. Qırmızı ağac torpağın bütün nutrientlərini almır, böyümək üçün lazım olan qədərini götürür. Tox aslan ceyranın dalınca qaçıb onu məhv etmir”. İnsanlar da təbiətin bu qanunlarına riayət etməlidir. Hər kəsin həyat tərzi və onun vərdişləri ekologiyaya təsir edir. Biz vahid planetimizin qorunması üçün böyük dəyişikliklər edə bilərik. Bu da bizim dayanıqlı inkişafımızı təmin edə bilər. Odur ki, ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdır. Hörmətli qonaqlar, əminəm ki, ölkəmizdə olduğunuz bir neçə gün ərzində bizim ləziz yeməklərimizlə tanış olacaqsınız, mədəniyyət abidələrimizi görəcəksiniz, yerli insanlarla tanış olacaqsınız. Əminəm ki, bu təcrübə sizin müxtəliflik potensialınızı daha da artıracaq. Müxtəliflik və dialoqa meyilli olmaq müxtəlif qruplar arasında anlaşma körpülərinin salınması deməkdir. Biz münaqişələri, gərginlikləri birgə səylərlə azalda bilərik. Belə körpülər rəsmi danışıqlarda, görüşlərdə qurulmur, əksinə, pərdəarxası işlərlə şərtlənir. Bunları nəzərə alaraq, sizləri dialoqa hər zaman açıq olmağa dəvət edirəm. Mən sizə xoşbəxtlik və sağlamlıq arzulayıram. Çox sağ olun. X X X BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser çıxışında Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirdi, Bakıya gələn qonaqların bir daha paytaxtımıza qayıtmaq arzusunda olduqlarını söylədi. BMT Sivilizasiyalar Alyansında qida məsələsinin prioritetlərdən biri olduğunu qeyd edən Nassir Abdulaziz Al-Nasser bu məsələ ilə bağlı FAO ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırdı. BMT rəsmisi müxtəlif ölkələrdə insanların aclıq təhlükəsi ilə qarşılaşması məsələsinə toxunaraq, ərzaq təhlükəsizliyinin dünya üçün aktuallığını qeyd etdi. Mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm vasitə olduğunu bildirən ali nümayəndə dedi: “Bizim diqqətimizi, həmçinin insan təhlükəsizliyi məsələsi cəlb edir. Ərzaq təhlükəsizliyi məsələsi kommersiya maraqlarının və mədəniyyətlərarası əlaqələrin yaranmasına təkan verir. Dünyada minlərlə insan aclıqdan həlak olur. Yəməndə, Somalidə, Sudanda uşaqlar aclıqdan əziyyət çəkirlər. Həssas cəmiyyətləri gücləndirərək biz ərzaq təhlükəsizliyinin qarşısını ala bilərik. Müxtəlif mədəniyyətlərə məxsus insanlar bir araya gələrək təcrübələrini ortaya qoyarlarsa biz nəticələrə nail ola bilərik”. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ərzaq, kulinariya, qidalanma gündəlik həyatımızın bir hissəsidir. “Çox yaxşı haldır ki, FAO bu Forumda iştirak edir və ərzaq təhlükəsizliyi insan təhlükəsizliyi ilə eyni səviyyədə diqqətdə saxlanılır”, - deyən Əbülfəs Qarayev bildirdi ki, qida məhsullarının keyfiyyətsizliyi insanların təhlükəsizliyinə zərbədir. Onun sözlərinə görə, qida, ərzaq, adət-ənənələr, iqlim, ətraf mühit – hər bir millətin təzahürüdür. Mədəniyyət və turizm naziri dedi ki, insanların bir-birini zənginləşdirməsi üçün yalnız qonşu ölkənin kitabını oxumaq kifayət deyil. Kulinariya və milli mətbəx də millətin vacib keyfiyyətlərindəndir. Əbülfəs Qarayev bu baxımdan ölkəmizdə çox çeşiddə qidaların olduğunu söylədi. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal FAO-nun bütün tərəfdaşlarının “Bakı prosesi”ndə təmsil olunmasını yüksək dəyərləndirdi. Qeyd etdi ki, hazırda dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Bu, ərzaq istehsalı və insanların ərzağa çıxış səviyyəsinin təmin olunması ilə bağlı olan bir problemdir. Gələcəkdə əhalinin artacağını diqqətə çatdıran Marcela Villarreal ərzaq istehsalının 60 faiz artırılmasının vacibliyini qeyd etdi. Bunun üçün isə mədəniyyətlərarası dialoqa qoşulmağı vacib hesab edən Forum iştirakçısı dedi ki, insanlar bir-biri ilə mübadilə aparmalı, bilik və təcrübələrini bölüşməlidirlər. Sessiyada Forum iştirakçılarına FAO adından ərzaq məsələsi ilə bağlı videomesaj çatdırıldı. Mesajda dünyada yaşayan hər bir kişinin, qadının və uşağın ona lazım olan sağlam qida ilə təmin edilməsinin vacibliyi vurğulanır. Sessiyanın moderatoru BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibinin ofis attaşesi Rəşad Əl-Xavaci mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışdı, FAO-ya “Bakı prosesi”ndə iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Sonra sessiya işini müzakirələrlə davam etdirdi. Kənd Təsərrüfatının Davamlı İnkişaf üzrə Asiya Fermerlər Birliyinin baş katibi Estrella Penunia kənd təsərrüfatının inkişafında qadınların rolunu qeyd etdi. İtaliya parlamentinin üzvü Stella Bianki bildirdi ki, digər hüquqlar kimi, ərzaq təhlükəsizliyi hüququ da olmalıdır. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ərzaq təhlükəsizliyinin strateji prioritet sayıldığını və kənd təsərrüfatına xüsusi önəm verildiyini diqqətə çatdırdı. Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhərinin meri Emil Qros Nakombo ərzaq təhlükəsizliyi mövzusunun həyatımızın bütün aspektlərinə aid olduğunu söylədi, dünyada kənd təsərrüfatında tərəqqiyə nail olmağın mümkünlüyünü vurğuladı. O dedi: “Leyla xanım ceyranların qorunması üçün həyata keçirilən layihəni xatırlatdı. Bu, çox nəcib bir işdir. Bunu məktəblərdə gənclərə aşılmaq gözəl olardı”. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal Kolumbiyada torpaq fondunun yaradılması məsələsinə toxundu. Sessiyanın iştirakçıları dünyada ərzaq təhlükəsizliyinin durumu ətrafında geniş fikir mübadiləsi apardılar. ..
06.05.2017 13:30
Azərbaycan-Gürcüstan transsərhəd marşrutunun genişləndirilməsi turizmin inkişafına töhfə verəcəkAzərbaycan-Gürcüstan transsərhəd marşrutunun genişləndirilməsi turizmin inkişafına töhfə verəcək. Bu barədə IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi“ mövzusunda sessiyada mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Nazir müavini bildirib ki, sessiyanın mövzusu Azərbaycan üçün əhəmiyyətlidir. Hesablamalara görə, 2030-cu ildə dünyada 1,8 milyard turist olacaq. Bu, qarşıdakı illərdə turizmin daha da inkişaf edəcəyini deməyə əsas verir. Nazim Səmədov qeyd edib ki, Azərbaycan-Gürcüstan transsərhəd marşrutu Qafqaz mədəniyyətinin inkişafında vacib rola malikdir. Bu marşrut daha da inkişaf etdirilərək turizmin inkişafına töhfə veriləcək. “Azərbaycan tarixi abidələr, təbiət mənzərəsi olan məkanlarla zəngindir. Hər il ölkəmizə üz tutan turistlərin sayı artır və onlar Azərbaycanın turizm potensialının şahidi olurlar“, - deyə nazir müavini vurğulayıb. ..
06.05.2017 10:09
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü başlayıbDördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da nazirlərin görüşü başlayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Biz insanların arasında inam yaratmalıyıq. Bu tədbirlə biz müştərək dəyərləri paylaşırıq. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində üçüncü dəfədir ki, nazirlər görüşü keçirilir. Bu, Azərbaycanın mövqeyini əks etdirmək üçün çox yaxşı imkandır. Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini daşıdığını bildirib. Qeyd edib ki, bu toplantıda müzakirə olunan məsələlər, o cümlədən turizmin tolerantlığın, qarşılıqlı anlaşmanın və dialoqun xalqlar arasında dərinləşdirilməsinə töhfəsi çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. İnklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur. ..