Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
21.08.2017 14:40
“Öz əsərini yarat” adlı tədbir keçiriləcəkdirAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi  ilə 2017-ci ilin 25 avqust tarixində hər gün saat  09:00-dan 18:00-dək Dənizkənarı Milli Parkın ərazisində (“saat qülləsi”nin yaxınlığında) və İçərişəhərdə yerləşən Arts Council incəsənət platformasında “Öz əsərini yarat” adlı tədbir keçiriləcəkdir. Aksiya xarekteri daşıyan tədbir Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədi ilə  həyata keçirilir. Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərgi keçirilməsi nəzərdə tutulur. Aksiyaya 2017-ci il avqust ayının 25-də saat 16:00-da Dənizkənarı Milli Parkın ərazisində (“saat qülləsi”nin yaxınlığında) start veriləcəkdir. ..
18.08.2017 19:11
Niyazinin mənzil muzeyində “Acıq qapı” günü olacaq20 avqust 2017-ci il tarixində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin 105 yaşı tamam olur.  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində 20 avqust 2017-cı il tarixində “Acıq qapı” günü olacaqdır. Həmin gün səhər saatlarında muzeyin əməkdaşları Fəxri xiyabanda Maestronun məzarını və yeni inşa olunmuş abidəsini ziyarət edəcəklər.  Gün ərzində muzeydə Niyazinin musiqisi səslənəcək, maestronun həyat və yaradıcılıq yolunu əks etdirən sənədli videokadrlar, filmlər nümayiş olunacaqdır.  ..
17.08.2017 17:46
Qobustan Milli tarix-bədii qoruğunda yeni tapıntılar2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix bədii qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi” çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər. Builki çöl tədqiqatların başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 6 yeni təsvirli daş aşkar edilmişdir. Bu 6 daşda yeni aşkar olunmuş 20-dən artıq qayaüstü təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc Dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər qeydə alınmışdır. Əldə olunan bu nəticələr laborotoriya şəraitində digər daşların eskizlərinin hazırlanması zamanı daha çox yeni təsvirlərin müəyyən ediləcəyini güman etməyə əsas verir. 2016-cı ildə Qobustan qoruğunda qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılmışdır. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsinə başlanılmışdır. Sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunmuşdur Hər bir təsvirli daşın fotoları çəkilmiş, 3D modeli düzəldilmiş, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş və yeni rəqəmsal metodla eskizləri çıxarılmışdır. Tədqiqat zamanı müasir metodların tətbiqi nəticəsində yeni təsvirlər aşkar edilmişdir. 2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr edilmişdir. Kitabda nəşr olunmuş 14 təsvirli daşın 3-ü 2016-cı ildə çöl-tədqiqatı zamanı aşkar olunmuşdur. Bu 3 daşın üzərində ümumilikdə 44 təsvir müəyyən edilmişdir. Digər 11 daşda isə əvvəllər məlum olan 112 təsvirdən əlavə 94 yeni təsvir aşkar edilmişdir. Ümumilikdə bu kitabda nəşr olunmuş 250 təsvirin 138-i yeni aşkar olunmuşdur və ilk dəfə “Qobustan. Yeni baxış, Cingirdağ-Yazılıtəpə 2016-cı il çöl tədqiqatları” kitab-albomunda nəşr olunmuşdur. Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır. ..
03.08.2017 18:16
Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir2 avqust 2017-cı il tarixində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışmış, “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış etmişdir.    Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilmişdir. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur. Sonda Azərbaycan Milli Kino Günü münasibətilə Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filmi nümayiş olunmuşdur. ..
01.08.2017 18:04
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrı arasında əlaqələr müzakirə edilibİyulun 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov  ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Görüş zamanı iki teatr arasında  davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib.  Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğunu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar. ..
01.08.2017 17:57
Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda ölkəmizi təmsil edəcəkAkademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək. Festivalda rejissor Anar Babalının əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır. Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq.  ..
28.07.2017 17:37
Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə ustad dərslərAzərbaycan Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir. Layihənin məqsədi – unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir. Bu ilin 4-20 sentyabr tarixlərində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçirir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir. Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq. Ustad dərslər tam pulsuzdur. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyatı olan şəxslər iştirak edə bilərlər. İştirak etməkdən ötrü qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət etməyiniz xahiş olunur: carpetmuseum.baku@gmail.com   *** Ustad dərslərlə yanaşı, 4-20 sentyabr tarixlərində Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq. Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır. Daha ətraflı məlumat:www.azcarpetmuseum.com/ www.facebook.com/AzerbaycanXalcaMuzeyi/ Tel.(+99412) 497 20 16   ..
24.07.2017 17:24
“Retro Bakı” layihəsi davam edirBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftə sonu  paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb. Tanınmış estrada mügənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Dana Durdana, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Tafur, Nigar Sülüymanova, Zara Baku, Mirfərhad Həbibi, Aynur Əliyeva öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar. Həmçinin, konsertdə “Səma” və “Xəzərim” rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub. Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında  Fəvvarələr Meydanında  zəngin konsert proqramı və tanınmış müğənnilər ilə sizlərin görüşünə gələcəkdir. ..
17.07.2017 15:34
Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurduAzərbaycan Dövlət Musiqili Teatrı 107-ci teatr mövsümünü premyera ilə başa vurub. 14-15 iyul tarixlərində tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunub. Hər iki premyera günündə maraqla qarşılanan səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır. Qeyd edək ki, əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib. Tamaşada rolları Respublikanın Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa ediblər. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayevadır. ..