Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Turizm və Menecment Universitetində,“universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ATMU-nun prorektoru Anar Eminov bildirdiki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir.Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilmişdir. Startap kimi fəaliyyətə başlamış Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır. Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF direktoru Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat verərək, qeyd etdilər ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçir, universitetin internet radiusu məkanına daxil olan andan aktiv olan ATMU-Onbranch proqramı tələbə və müəllim heyyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür.Bundan başqa Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri, ATMU-Onbranch-ın hər bir üzvü əldə etmiş olur. Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycan ali məktəblərində isə ilk olaraq Azərbaycan Turizm və Menecment Universitetində tətbiq edildiyini və bu layihəyəni dövlət başçımız, cənab İlham Əliyevin müəyyənləşdirdiyi Strateji Yol Xəritəsində yer alan virtual təhsil proqramına dəstəyin bir nümunəsi kimi qiymətləndirilə biləcəyini vurğuladı. ..
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilibAprelin 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində   “PMD Group-da staj və iş imkanları“ mövzusunda seminar keçirilib. Tədbirdə “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekan müavini Flora Ələsgərova, “Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Cəfərova çıxış edərək, sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqların qurulması və davam etdirilməsinin   xüsusi əhəmiyyətini vurğulamış,   PMD Group-a əməkdaşlıq üçün öz təşəkkürlərini bildirmişlər. Seminarda PMD Group, Otel Əməliyyatları Şöbəsinin  Təlim və İnkişaf üzrə meneceri  Fəridə Əmirova, Təlim üzrə menecer Günel Orduxanova, Şamaxı Palace Şərədil-in Satış üzrə meneceri İlkin Rüstəmov tələbələrə PMD Group-un Otel Əməliyyatları şöbəsinın idarə olunması, otellərdə karyera qurma imkanları və təcrübə proqramları haqqında məlumat vermişlər. Uğur hekayəsi olaraq şöbənin əməkdaşı,ATMU-nun ilk məzunu İlkin Rüstəmov Otel sistemində uğurlu karyera təcrübəsini tələbələrlə bölüşmüşdür. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. ..
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdirİşçi qrupunun 18 aprel 2018-ci il tarixində keçirilən növbəti  iclasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Agentliyi, Azərbaycan Avtomobil Yolları Agentliyi və digər qurumların nümayəndələri iştirak etmişdir. İclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilmişdir. Belə ki, Azərbaycan Respublikası  dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması istiqamətində görülən işlər  barədə müzakirə aparılmışdır.  Məlum olmuşdur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında may ayının ortalarından etibarən artıq Asan Xidmət pəncərəsinə xarici turistlər yaxınlaşmaqla turist vizası ala biləcəklər. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırladığı hesabatda əks edilmiş rəy və təkliflər və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilmiş, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilmişdir.  İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması siyasətini davam etdirməsi istiqamətdə təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilmişdir.   ..
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni sazişMilli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək. Milli Turizm Təbliğat Bürosundan verilən məlumata əsasən, tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar. Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir. Qeyd edək ki, əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur. Milli Turizm Təbliğat Bürosunda Çin bazarının prioritet istiqamət olduğunu vurğulayırlar. Ötən ildən Azərbaycanın turizm potensialı daha intensiv təbliğ edilir. Azərbaycana sosial media jurnalistləri, blogerlər, turagentlər dəvət edilir, Çinli partnyorlara geniş layihələr qurulur. Məhz bunun nəticəsi olaraq yeni saziş də ərsəyə gəlib. 2017 ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10258 nəfər təşkil edib. ..
18.04.2018 15:09
Formula 1 yarışlarının keçirildiyi müddət ərzində “Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılırBakı Turizm İnformasiya Mərkəzi 23 aprel-01 may 2018-ci il tarixlərində Formula 1 yarışlarının keçirildiyi müddət ərzində əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarin müvəqqəti fəaliyyəti dayandırılır. Eynı zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək. Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12) 498 12 44  və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz. ..
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”Rusiya turizm bazarında uzaq ölkələrlə müqayisədə yaxın xaric istiqamətlərinin rəqabət qabiliyyəti getdikcə artmaqdadır. Çox hallarda onlar Avropa səviyyəsində xidmət təklifləri, daha sərfəli və rahat yol kimi üstünlüklərə malikdir. Cəmi bir neçə il əvvəl “Tour A Vent” şirkəti bazarda ikili qisimdə - həm Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndəliyi, həm də etibarlı turopertor kimi daxil olan zaman Azərbaycan da səyahət və istirahət üçün cazibəli turizm istiqaməti qismində özünü göstərməyə başladı. Bununla Rusiya sakinlərində cənub qonşu ölkəyə maraq da artmağa başladı. Məlum oldu ki orada həm gözəl çimərliklər və rahat hotellər, həm də dağ xizək kurortları, müalicəvi Naftalan nefti, əhəmiyyətli tarixi abidələr və diqqətəlayiq maraqlı yerlər mövcuddur. “Tour A Vent” şirkətinin baş direktoru Alla Arriyeta Kordoves Vesti.ru-nun “Turizm” xüsusi layihəsinə müsahibəsində bu barədə ətraflı söhbət açıb. - Biz 2015-ci ilin dekabrında fəaliyyətə başladıq və artıq 2016-cı ilin əvvəlində genişmiqyaslı təqdimatlar keçirdik, Rusiya turizm sənayesi nümayəndələrini kimliyimiz və qarşımıza qoyduğumuz məqsədlər haqda məlumatlandırdıq. O zaman Rusiya turizm bazarında Azərbaycanın mövqeləri kifayət qədər aydın deyildi. Lakin bu məqamda bazarda iki güclü oyunçu – Türkiyə və Misir istiqamətində səyahətlər zəiflədi. Həmin istiqamətlərlə uzun illər işləmiş turoperatorlar xidmətlərini kimə təklif etmək, kiminlə işləmək suallarına gərgin halda cavab tapmaq məcburiyyətində qalmışdı.   - Bəs Azərbaycan geniş “all inclusive” xidmətlərinə malik kütləvi turizm ölkəsi kimi Türkiyə ilə Misirə alternativ sayıla bilərmi? - Təbii ki yox. Bizdə olduqca keyfiyyətli çimərliklər var, lakin biz klassik çimərlik istiqaməti deyilik. Digər tərəfdən, Azərbaycanın elə üstünlükləri və özəllikləri var ki, hətta Misir-Türkiyə xidmətlərinə alışmış turistlərin belə marağını özünə cəlb edə bilir. Buna görə “Tour A Vent” ilk olaraq Rusiya turagentləri arasında kütləvi maarifləndirmə işləri aparmağı qarşısına məqsəd qoydu. Dərhal fəal şəkildə tanışlıq təyinatlı fam-triplər və press-turlar təşkil edildi ki, Rusiya turizmi peşəkarları öz gözlərilə görsünlər ki Azərbaycan nədir, hansı “dad-tam”lara malikdir. Məlum oldu ki, onun dadı həqiqətən çox gözəldir! Həm həqiqi, həm də məcazi mənada.  Bu gün artıq çoxlarına məlumdur ki Azərbaycan olduqca rəngarəng, cazibədar və yaddaqalan ölkədir. Görməli yerlər, müalicəvi xidmətlər, ilıq dəniz və kütləvi şəkildə rusca bilən səmimi əhali. Bunların hamısı bizə Rusiyanın keçmiş Türkiyə-Misir meyilli turisti üçün mahiyyətcə yeni maraq dairəsini formalaşdırmağa imkan yaratdı. Seçdiyimiz yol olduqca çətin oldu: məzuniyyətdə “çimərlik” həvəskarlarının köhnə vərdişlərini dəyişmək, maraq dairəsini genişləndirmək yeni növ istirahətə zövq aşılamaq və eyni zamanda isə günəş-çimərlik və bol dadlı yeməklər kimi ənənəvi istəklərini təmin etmək. Sadəcə, Azərbaycanın xeyli çox başqa üstünlükləri də var. O zaman baş verən maliyyə böhranı şəraitində bizim istiqamətin mühüm əlavə üstünlüyü üzə çıxdı - qısa məsafəyə sərfəli qiymətlə uçuşlar. Çox keçmədən adamlar özləri gəlməyə başladılar. Biz isə əməkdaşlarımız olan Rusiya turagentlərinin köməyi ilə turist qruplarını formalaşdırmağa başladıq. Məlumdur ki, rusiyalılar əsas etibarilə uçuş, yaşama, qidalanma, ekskursiyalar və transferlərdən ibarət olan paket turlarına üstünlük verir. Adam qayğısız-filansız dincəlir, istirahətdən həzz alır, çoxlu yeni duyğu və bilgilər toplayır. Əlbəttə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bizə geniş dəstəyi, ölkəni turizm bazarında irəli aparmaq işində hərtərəfli yardım göstərməsi bizim üçün böyük kömək oldu. Nəhəng Rusiya ərazisində bu sahədə böyük maliyyə məsrəfləri tələb olunur. Rusiyada reklam da çox baha başa gəlir, xüsusilə də televiziya reklamı. Buna görə qərara aldıq ki, reklam yerləşdirərkən artıq çox populyar olan və zənnimizcə böyük perspektivlərə malik olan dağ-xizək istiqamətlərinə - Şahdağ və Tufandağ turizm komplekslərinə xüsusi diqqət verək. Bunlarla yanaşı, Azərbaycanın digər istirahət istiqamətlərini həmçinin internetdə və müxtəlif KİV-lərdə reklam edirik.   - Bəs bu reklam nə qədər effektlidir? - Bilirsiniz, birdəfəlik konkret effekti hesablamaq çox çətin məsələdir. Adam çoxsaylı müxtəlif mənbələrdən məlumat almalıdır ki, onu, necə deyərlər, hər bir guşədən təsdiq etsinlər. Yeri gəlmişkən, ölkədə keçirilən tədbirlər də əla reklam alətidir. Tanınmış müğənni Eminin keçirdiyi “Jara” beynəlxaq musiqi festivalına Rusiyadan minlərlə qonaqlar gəlir. Hələ saysız-hesabsız jurnalistləri demirəm. Onlar bu musiqi bayramının heyranedici ab-havasına dalaraq, respublikanın təbii və mədəni sərvətlərindən heç olmasa bir qarış məlumat əldə edərək, ölkədən məftun halda qayıdırlar. Sonra isə KİV-lərdə, sosial şəbəkələrdə heç də yalnız festivalın “ulduz”larından deyil, habelə ümumən onlara vurğunluq hissi və xoş duyğular bəxş etmiş ölkədən söhbət açırlar. Hər il Qəbələdə keçirilən musiqi festivalı da ictimaiyyəti çox sevindirir. Bundan əlavə, Formula 1 yarışması, başqa idman tədbirləri də var ki, Bakı küçələrində qonaq izdihamları yaradır. Məsələn, ötən il İslam Həmrəyliyi Oyunları, ondan öncə isə Avropa Oyunları keçirildi. Bunların hamısı turizm üçün gözəl stimuldur.   - Belə çıxır ki, “Tur A Vent” turoperatoru proqram və marşrutlarının tərtibatında “hadisə təqvimini” də nəzərə alır? - Əlbəttə, biz tədbirləri ziyarət təyinatlı xüsusi paketlər hazırlayaraq qonaqları şəhərlə tanış edəcək ekskursiya proqramı da onlara daxil edirik. Bakıda bu il artıq üçüncü dəfə keçiriləcək Şopinq festival ilə əlaqədar bizim oxşar paketimiz də var. Bütün bunları həmçinin “Azərbaycanın qızıl üzüyü” və “Böyük İpək Yolu” kimi daimi turizm marşrutlarımıza da daxil etmək mümkündür.   - Bəs təcrübənizə görə, Azərbaycanda turizmin hansı növü rusiyalılar tərəfindən daha çox bəyənilən sayıla bilərmi? - Hər bir turistin öz fərdi zövqü olur. Amma qonaqlarımızın təkcə mövcud ümidləri doğrulmur. Müşahidələrimizə görə, onların bir çoxu ölkəni təkrar ziyarət etmək istəyir. Bu o deməkdir ki, onlar birinci səyahət müddətində zövq aldıqlarından doymur. Belə “təkrar” gələnlər Rusiyadan turist axınının təxminən yarısını təşkil edir. Bu mənada həftəsonu turlar xüsusilə uğurludur. Onlara uçuş, 4-5 ulduzlu mehmanxanada qalma və ekskursiyalar daxildir, qiymətləri isə 250 dollardan başlayır. Vaxt çox məhduddur və yalnız Bakı və ətraf ərazilərlə tanışlığa imkan olur. Ekskursiya aparıcıları və yerli sakinlər isə qonağı şirnikdirirlər: “Bilirsiniz, bizdə hələ neftlə müalicə də var. Xəbəriniz var ki, Şəkidə olduqca dadlı halva hazırlayırlar”. Belə halda əlac qalmır - bura qayıtmamaq olarmı? Başqa sxem də var. Məsələn, yazda bizə gələn turist görür ki, çimərliklər var, özü də ki lap əla! Deməli, yay fəslində də bura mütləq gəlmək lazımdır!  - Siz hotellərdən danışdınız. Məlumdur ki, Azərbaycanda daha çox dəbdəbəli möhtəşəm hotellər tikilir... - Elədir ki var. Lakin nisbətən yaxın zamanda yaranan təmayül bizi sevindirir - respublikada üçulduzlu hotellərlə hostellərin sayı artır. Özü də bir qayda olaraq onlar şəhərin mərkəzində açılır. Təminatlı qrup turlarını biz aşağıqiymətli hotellər əsasında formalaşdırmağa çalışırıq. Lakin fərdi sorğu ilə istənilən başqa hotellər əsasında da turlar mümkündür. Hər il biz Azərbaycan sərhədini Rusiya tərəfdən keçən turistlərin sayı (yəni adam girişdə deyir ki, səyahətinin təyinatı məhz turizmdir) barədə yekun məlumat alırıq. Belə ki, son üç il müddətində Rusiyadan turist axını ilbəil 20-30% artır.   - Hansı növ reklamı siz daha fəal tətbiq edirsiniz? - Məsələn, keçən il bizim road-şoumuz çox uğurlu oldu. Azərbaycan regionlarının və hotel şəbəkələrinin nümayəndələri Sankt-Peterburq, Kazan, Yekaterinburq və Moskvada yerli turizm sənayesi nümayəndələri ilə ünsiyyətdə oldu. Nəticəsi özünü demək olar ki dərhal büruzə verdi. Məlum oldu ki, turagentlər və operatorlar bizim məlumatı öyrənməkdə çox maraqlıdır. Road-şoumuzun təsiri keçirildiyi yerlərdən gələn sifarişlər baxımından faktiki olaraq hər gün duyulur. Bu il, fikrimcə, hətta bir neçə belə tədbir təşkil edəcəyik. - Siz müştərilərlə birbaşa da işləyirsiniz, yoxsa sırf tərəfdaşlar vasitəsilə? - Müştəri “Tur A Vent”ə birbaşa da müraciət edə bilər. Lakin belə müştərilərin sayı cəmi 15-20% faiz təşkil edir, əsas turist axınını biz yenə də turagenlərdən əldə edirik. Kazanda, Sankt-Peterburqda və əlbəttə ki, Moskvada bizim çox gözəl tərəfdaşlarımız var. Bizim marşrutlara əsas müştəri mənbələrindən biri “1001 tur”, TBS turizm agentlikləri şəbəkəsidir. May ayına biz əlaqədar agentliklər üçün Azərbaycan üzrə növbəti fam-tur hazırlayırıq. - Azərbaycanda hotel sahiblərinin qiymət siyasətini çevikliyi baxımından necə xarakterizə edərdiniz? - Müəyyən çətinliklər hələ də qalır. Lakin yaxşıya doğru təmayül də var. Yəqin bilməmiş olmazsınız ki, əvvəllər Azərbaycan məzuniyyətçilərə çox da istiqamətlənmirdi. O əsasən işgüzar turizm, MİCE tədbirləri üçün əlverişli sayılırdı və bu gün də sayılmaqda davam edir. Bu isə bir qədər fərqli qiymət seqmentidir. Lakin hotel sahiblərinin ən uzaqgörənləri bizneslərinin məhz turizm bazarından qidalandığını nəzərə alaraq yenidənqurmaya cəhd edir.  Hotellər var ki, bizə turoperator qismində xüsusi tariflər verir. Onlar anlayır ki biz vasitəçi turagentliklərlə bölüşməliyik. Lakin ümumilikdə, bəzən elə olur ki, qiymətlər həddindən yüksək sayılır, xüsusilə də turistin müqayisə edə bildiyi hallarda. - “Buta Airways” loukoster şirkətinin bazara qədəm basması faydalı oldumu? - Biz turoperatorlar üçün çətin ki ola. Loukoster tariflərini paketlərimizə əlavə etməyə, təəssüf ki haqqımız yoxdur, onlar yalnız fərdi şəxslərə hesablanıb. Təsisçi aviaşirkət olan “Azərbaycan Hava Yollarının” daxili siyasəti belədir. Lakin bu, Azərbaycanı, şəksiz ki, fərdi turistlər üçün daha cazibəli etdi. Odur ki, ölkəni turizm bazarında irəlilətmə baxımından bu doğrudan da faydalı addım oldu. - Vaxt keçdi və hazırda Rusiya bazarına yenidən Türkiyə ilə Misir qayıtmaqdadır. Sizin işə bu necə təsir edir? - Bilmək istəyirsiniz ki, Rusiyadan əhalinin Azərbaycanı unudub dərhal bu ölkələrə üz tuta biləcəyindən qorxuruq, yoxsa yox? Xeyir, belə təmayül müşahidə olunmur. Çünki Azərbaycanın artıq istiqamət olaraq öz reputasiyası formalaşıb. Hətta deyərdim ki bu gün Azərbaycan dəbdədir. Ötən ilin ortalarından başlayaraq sevindirici bir vektor əmələ gəlir - əvvəllər populyarlıq zirvəsində olan Gürcüstan indi, necə deyərlər, estafeti Azərbaycana ötürür. Dost yarışımızda bazarda əsas rəqibimiz olan bu ölkəni biz yavaş-yavaş qabaqlayırıq. Əlbəttə, biz mehriban qonşuyuq, lakin eyni zamanda ölkələrimiz, onların abu-havası, adamları və mətbəxləri çox fərqlidir. Və etiraf etməliyik ki hotel bazamız da qat-qat üstündür, xidmətlər də Avropa səviyyəsinə daha uyğun. - Bəs “Tur A Vent” Rusiya kurortları ilə rəqabət aparmırmı? - Bu bir qədər başqa müştəri kontingentidir. Krımla Soçiyə elələri gedir ki, sırf dənizə əhəmiyyət verir. İllərlə ora gedirlər. Biz isə necə olsa kompleks proqramlar təklif edirik: ekskursiyalı, müalicəvi,  bilgili və qastronomik proqramlar. - Yeni mövsümdən nə gözləyirsiniz? - Əlbəttə ki, turist axınında artım. Çimərlik istiqamətini genişləndirmək arzusundayıq. Xəzər dənizi kifayət qədər mülayimdir, suyu o qədər də şor deyil, girişləri əydəmli, çimərlikləri isə qumlu. Buna görə qonaqlarımız onu çox bəyənir. Artan tələbatı qane etmək üçün məhz dənizkənarı hotellər çatışmır. Çünki hətta ötən illər Maldiv və Seyşel adalarında istirahət edən olduqca imkanlı rusiyalılar Azərbaycan kurortlarına müştəri gözü ilə baxmağa başlayır. Onların tələbkar zövqünə cavab verən hotellər və kurortlar isə dəniz kənarında hələ ki çox deyil. Ümid edirik ki tezliklə onlar da yaranar, daha münasib qiymət seqmentinə aid yerləşdirmə məkanları da. Tez bir zamanda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qonaqlarımızın rahatlığını təmin edəcək elektron bələdçi - Azərbaycan üzrə mobil yolgöstərənin buraxılışı planlaşdırılıb. Onun strukturu və iş mexanizmlərinin yaradılması üzrə artıq iş gedir. Bu proqramda bütün diqqətəlayiq yerlər, hotellər və restoranlar əks olunacaq. Onun köməyi ilə taksi çağırmaq, hoteldə nömrə sifariş etmək bu ya hər hansı tarixi abidə haqda məlumat əldə etmək imkanı olacaq. - Biz hadisələrə aid proqrama toxunmuşduq. Bəs Azərbaycanda, məsələn, qastronomik festival keçirilməsi planlaşdırılmır? Uğurlu olardı. - Bu qəbildən bir çox kiçik regional festivallar var ki, turistlər arasında da geniş rəğbətə malikdir. Amma həqiqi miqyaslı qida və şərab festivalımız hələ mövcud deyil. Bu çox gözəl ideyadır və biz bunu mütləq Mədəniyyət və Turizm Nazirliyinə çatdırarıq. Amma Moskvada Azərbaycan mətbəxi festivalını keçirmək fikrimiz var - master-klasslar, kulinariya ənənələrimiz barədə söhbətlər, dequstasiyalar keçirilməsi ilə. Onun şəhərin mərkəzi meydanlarından birində keçirilməsini istəyərdik. Axı bunun özü belə çox gözəl turizmi reklam formasıdır. - Öz aləminizdə hər hansı tərzdə “Tur A Vent”in turoperator və nümayəndəlik kimi fəaliyyətində fərq görürsünüzmü? - Əsas etibarilə bunlar biri birinə o qədər sıx qovuşur ki, bölünməz olur. Biz təzə fəaliyyətə başlayanda çoxlarını belə bir hal nəinki təəccübləndirir, hətta qıcıqlandırırdı: axı həm turoperator və nümayəndəlik eyni simada necə ola bilər. Bu gün isə açıq-aydın görünür ki, gündəlik turoperator işimiz də bir çox məqamlarında həmçinin irəliləməyə istiqamətlənir. Biz elə unikal paketlər hazırlamalı idik ki, öncə heç kim nə yaratmış olsun, nə də ki istiqamətə cüzi maraq olduğundan yaratmaq fikrinə düşsün. Biz isə bunu etdik. Biz faktiki olaraq Rusiya bazarında Azərbaycanın turizm imicini yaratmağa nail olmuşuq.   Müsahibənin rus dilində mətni: http://travel.vesti.ru/article_37634 ..
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildiAprelin 16-da Mədəniyyət və Turizm Nazirliyində “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa təşkil olundu. Ölkəmizdə aqroturizmin inkişaf etdirilməsini nəzərdə tutan layihəni Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi həyata keçirir. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışdı. Məlumat verdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, həyata keçirilən infrastruktur layihələri Azərbaycanda turizm sənayesinin inkişafını təmin edib. Hazırda ölkəmizdə müxtəlif turizm növləri üzrə yüksək səviyyədə fəaliyyət göstərən turizm müəssisələri var. Bu da ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına müsbət təsir göstərir. Qeyd olundu ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün qarşıya bir sıra məqsədlər qoyulub. Hazırda “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən də kənd yerlərində turizmin inkişafı üçün bir sıra layihələr icra olunub və bu istiqamətdə işlər davam etdiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeroen Villems qeyd etdi ki, Aİ Azərbaycanda regionların inkişafı üçün bir sıra layihələrin maliyyə dəstəkçisi kimi çıxış edib. Aqroturizmin inkişafının da dəstəklənməsi bu istiqamətdə həyata keçirilən layihələrin davamıdır: “Bu gün Azərbaycanda turizm sənayesi inkişaf etməkdədir. Turizm sənayesinin vacib qollarından biri də aqroturizmdir. Bu turizm növü Avropada geniş yayılıb. İnanırıq ki, Azərbaycanda da turizmin bu növü daha geniş inkişaf edəcək. Çünki aqroturizm regionların, kənd yerlərinin inkişafına, bu sahə ilə məşğul olan insanlarının maddi vəziyyətinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir”. Bildirildi ki, Aİ Azərbaycanın regionlarının inkişafı ilə bağlı həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx işləyir. Həyata keçirilən proqramlar bundan sonra da davam etdiriləcək. “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, layihənin məqsədi Azərbaycanın 8 rayonunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) aqroturizmin inkişafını dəstəkləməklə kənd yerlərinin inkişafına nail olmaqdır: “Aqroturizm Azərbaycanda turizmin inkişafda olan yeni növüdür. Biz bu sahə üzrə həm turizmlə, həm də kənd təsərrüfatı ilə məşğul olan sahibkarların birgə fəaliyyətini təşkil edib, bu sahənin inkişafının təmin olunmasını düşünürük. “İcma əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi” layihəsi 32 ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində hər rayonda bir nümayiş fermer təsərrüfatları yaradılacaq. Həmin təsərrüfatlar üçün lazım olan bütün maddi-texniki imkanlar bu layihə tərəfindən təmin olunacaq”. Qeyd olundu ki, turistləri arqoturizmə cəlb etmək üçün bu sahə üzrə ayrıca portalın yaradılması da nəzərdə tutulub. Sonra layihə tədbir iştirakçılarına təqdim olundu. Daha sonra ölkəmizdə aqroturizmin inkişafı ilə bağlı verilən təkliflər ətraflı müzakirə edildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Bildirək ki, aqroturizm kənd yerində, kənd evlərində yaşamaq şərtilə bu və ya digər xalqın məişəti ilə yaxından tanış olmaqla istirahət növüdür. Bu səyahət növü xüsusilə İtaliya, İspaniya, Fransa və Yunanıstanda inkişaf edib. Həmin ölkələrdə turizm sənayesinin bu növü uzun müddətdir mövcuddur. İllər ərzində bu ölkələrdə çox sayda özəl kənd mehmanxanaları şəbəkəsi yaranıb, yüzlərlə marşrut hazırlanıb. Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarının zəngin mədəni-tarixi irsindən əlavə, ölkəmizdə aqroturizmin inkişafı üçün daha bir vacib amil olan xalqımızın yüksək qonaqpərvərliyi və zəngin milli mətbəxinin olmasıdır. Qeyd edək ki, dəyirmi masada Mədəniyyət və Turizm və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, Avropa İttifaqının Regionların İnkişafı Proqramının rəhbəri Ramilə Aslanova və sahə üzrə mütəxəssislər iştirak edirdi. ..
16.04.2018 10:22
Ölkəmiz Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Bu məqsədlə sözügedən sərgidə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük  məsləhətçisi Cavid Abdullayev iştirak edir. Ölkəmizi Nazirliklə yanaşı Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur. Tədbirdə ölkəmiz ilə yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət təmsil olunur. ..
13.04.2018 14:56
Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilibAprelin 12-də “Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu-AzKB ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirildi. Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edildi. Qeyd edildi ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE - Toplantı, Təşviqat, Konfrans və Sərgi tədbirləri zamanı xüsusi üstünlüyə malik olurlar. Tədbir zamanı həmçinin, planlaşdırılan sərgilər, may ayına nəzərdə tutulan, AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunması, bu il mayın 1-dən 31-dək təşkil ediləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verildi və bu tədbirlər zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edildi. Tədbirdə Azərbaycan Konqreslər Bürosu üzvlərinin hansı üstünlüklərə malik olması, DMC tədbirlərində iştirak meyarları, eləcə də AzKB-nin bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verildi. AzKB-nin Turizm şöbəsinin nümayəndəsi 1-31 may tarixlərinə planlaşdırılan Bakı Şopinq Festivalı barəsində məlumat verərək qeyd etdi ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edildi ki, DMC şirkətləri bu turist paketlərindən faydalanaraq öz müştərilərinə satışları təşkil etsinlər. Təqdim edilən məlumatları böyük maraqla izləyən tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallara görüşün sonunda cavab verildi. Tədbir iştirakçıları “Azerbaijan meeting planers guide” kitabçasının təqdimatına da baxdılar. Kitabça ilə büronun saytındakı http://azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsi ilə tanış ola bilərsiniz.   QEYD 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə, Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Bu məqsədlə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir. Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir. ..