Forumun növbəti mövzusu “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf" olub
Azərbaycan Respublikasının nümayəndə heyəti Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə 14-16 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.
Forum Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin mədəniyyət idarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 1000- dən artıq nümayəndəsinin iştirakı ilə keçirilir.
Noyabr ayının 14-də N. P. Akimov adına Sankt-Peterburq Dövlət Akademik Komediya teatrının Ağ zalında yüksək səviyyədə keçirilən təntənəli açılış mərasimindən sonra Forumun “Təhsil” bölümü çərçivəsində “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf” və “Teatr sənəti sahəsində əlavə təhsil proqramlarının realizə edilməsi məsələsinin aktuallığı” adlı mövzulara həsr edilmiş konfransı öz işinə başlamışdır.
Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əziz Qarayusifli Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri K.E.Suxenkonun xüsusi dəvəti ilə adı çəkilən mövzuya həsr edilmiş konfransın işinə spikerlik edib. Əziz Qarayusiflinin konfransın ilk günündə “Azərbaycan Respublikasının mədəni siyasəti kontekstində Uşaq İncəsənət Məktəblərinin inkişafı” mövzusunda məruzəsi dinləyicilər tərəfindən böyük maraqla dinlənildi.
Konfransın məqsədi uşaq incəsənət məktəblərinin inkişafında aktual problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi üçün peşəkarlıq baxımından açıq meydanların yaradılmasına, effektli pedaqoji və idarəçilik təcrübəsinin yayılmasına kömək etməkdir.