“Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” adlı sərgi açılacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İstitutunun birgə təşəbbüsü ilə Osmanlı arxivlərində Azərbaycan xanlıqları arasında mövcud olan münasibətlərin, siyasi məktublaşmaların, səfirliklərə olunan hədiyyə təqdimatlarının yer aldığı rəsmi sənədləri ictimaiyyətə təqdim etmək məqsədilə “Sənədlərlə Osmanlı
dövləti və Azərbaycan xanlıqları Münasibətləri” adlı sərgi təşkil ediləcəkdir. Əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək sərgidə Osmanlı dövləti və Azərbaycan xanlıqları arasında məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 29 rəsmi sənədin surəti təqdim ediləcəkdir.Sərginin açılışında siyasi, ictimai və mədəniyyət xadimləri və Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələri iştirak edəcəklər.
Sərginin açılış mərasimi 8 oktyabr 2019-cu il tarixində, saat 17.00-da, Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi, 9/11 ünvanında yerləşən binasında baş tutacaqdır.
Qeyd edək ki, “Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları Münasibətləri” sərgisi 13 oktyabr tarixinədək davam edəcəkdir.