Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.
Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə çap edilmiş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.
Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.
V.Məmmədəliyev BDU-da Ərəb filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Vasim Məmmədəliyevin vəfatı ilə bağlı yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, kədərlərinə şərik olur.
Allah rəhmət eləsin!