2019-cu il 23-25 noyabr tarixində Rusiya Federasiyasının Moskva vilayətində MDB
iştirakçısı dövlətlərinin gəncləri arasında keçirilmişdir. Bu Oyunların keçirilməsi MDB hökumət başçıları Şurasının Qərarı ilə təsdiq olunmuş “2019-2020-ci illərdə MDB-yə üzv dövlətlərin humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər Planı”nda öz əksini tapmışdır.XIV Delfi Oyunlarında musiqi və rəqs sənəti üzrə müxtəlif nominasiyalarda 10 dövlətdən (Azərbaycan, Rusiya, Belarus, Moldova, Ermənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) 14-25 yaşlarında 400-ə yaxın gənclər, 40 nəfərdən çox beynəlxalq münsiflər heyətinin üzvləri, habelə rəsmi şəxslər, kütləvi informasiya vasitələrinin nümayəndələri, çoxsaylı tamaşaçılar iştirak etmişdir. Delfi oyunları 2 yaş qrupunda (14-18, 19-25 yaş) olmaqla 6 nominasiya (fortepiano, skripka, akademik vokal, milli vokal, estrada və açıq nominasiyalar) üzrə keçirilmişdir.
Azərbaycan Respublikasını bu tədbirdə üç nominasiya üzrə- Prezident təqaüdçüsü, Bakı şəhər L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Elçin Məmmədov (fortepiano), Prezident təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Toğrul Abdullayev (skripka), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rauf Məmmədzadə (akademik vokal) və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nigar Rəhimova (akademik vokal) təmsil etmişlər. Bununla yanaşı Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “akademik vokal” və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Hökumə Əliyeva “skripka” nominasiyalarında beynəlxalq münsiflər heyətində üzv kimi təmsil olunmuşlar.
Bakı şəhəri L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Elçin Məmmədov fortepiano nominasiyasında 3-cü yerin qalibi olmuşdur.
XIV Delfi Oyunları çərçivəsində “Delfi Oyunlarının 20 illiyi: yekunlar və perspektivlər” adlı Beynəlxalq Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri, nümayəndə heyətinin rəhbəri Vüqar Baxışov iştirak etmişdir.
25 noyabr tarixində Moskva şəhərinin məşhur Vegas Sity Hall konsert salonunda Oyunların bağlanışına həsr olunmuş Qala Konsert təşkil olunmuşdur. Qala Konsertin rəsmi hissəsində Rusiya Federasiyasının Hökumətinin Sədr müavini Olqa Qolodes Moskva vilayətinin qubernatoru Andrey Vorobyov və Beynəlxalq Delfi Komitəsinin direktoru Vladimir Ponyavin bütün iştirakçıları və qalibləri təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışlar. Konsertdə Nigar Rəhimova Moskva Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Motsartın “Arietta Kerubino” əsərini ifa etmişdir.
Qeyd etmək lazımdır ki, MDB-yə üzv dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş əsas Tədbirlər Planı” çərçivəsində 2020-ci ilin aprel ayında Rusiya Federasiyasının Omsk şəhərində MDB iştirakçısı dövlətlərinin gəncləri arasında “Biz xatırlayırıq...” adlı açıq XV Delfi Oyunlarının keçirilməsi də nəzərdə tutulur.