“Azərbaycanın mədəni marşrutlar potensialı” Respublika müşavirəsi çərçivəsində fevralın 29-da günün ikinci yarısında təlim sessiyası üzrə “Avropa Şurası mədəni marşrutlarının tematik tədqiqatları və ən yaxşı təcrübələri” mövzusunda məruzələr dinlənildi.
Məruzələr Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni, həmin institutun layihə rəhbəri Karolina Klark və “Avropa Tarixi Termal Şəhərlər” marşrutunun koordinatoru Katerina Lloyd tərəfindən təqdim edildi.
Məruzələrdə Avropa Şurasının Azərbaycandan keçən marşrutları, mədəni marşrutların inkişaf yolları, Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutlarının genişləndirilməsi və ölkəmizdə bu sahənin inkişafı üçün çağırışlar və imkanlardan söz açıldı. Çıxışlar zamanı mədəni marşrutlar üzrə müvafiq qurumların fəaliyyəti, müxtəlif ölkələrdə mədəni marşrutların təşkili, inkişafı ilə bağlı təqdimatlar edildi. Eyni zamanda bu sahədə yeni ideya və layihələr haqqında məlumat verildi.
Tədbirdə həmçinin növbəti forumun bu ilin oktyabr ayında Yunanıstanda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı.
Məruzələrdə mədəni marşrutlarla bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması da vurğulandı. Çıxışlarda mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətlərindən biri kimi dəyərləndirildi. Qeyd olundu ki, mədəni marşrutlar Avropa yaddaşının qoruyucusu olaraq milli irsin təbliğində əhəmiyyətli yer tutur.
Sonda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının tarixini əks etdirən videoçarx nümayiş olundu.