Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2034

Bu gün görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 98 il ötür.

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Bəstəkarın maraqlı operettalarından biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə – bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi–ictimai qayəli operetta yaratmağa nail olub.

Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.

Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilib. 1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb.

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işləyərkən R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazıb. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra “Alov” və “Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə edib.

R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın Mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. İnanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaq. Çünki onun yaradıcılığı ölməzdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb