Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2217

Tanınmış vokal sənətçisi Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək

Öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat etmişdir. 

E.Əliyevin qısa, lakin parlaq həyat və yaradıcılıq yolu iki ölkə - Azərbaycan və İtaliya arasında özünəməxsus bir körpü olmuşdur. Bakı şəhərində doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr etmiş, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışmışdır. 

Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala" (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell’Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London), “Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil etmişdir.

Dünya mədəniyyətinin beşiyi sayılan, bəşəriyyətə görkəmli sənətkarlar bəxş etmiş İtaliyanın vokalçıları sırasında öz sözünü demək, dünyanın ən məşhur sənət məbədlərindən hesab edilən "La Scala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşmaq hər ifaçıya müyəssər olmur. "La Scala"nın solistləri cərgəsinə qoşulmuş böyük Azərbaycan müğənnisi Eldar Əliyevə bu sənət xoşbəxtliyi nəsib olmuşdu. Şöhrətin zirvəsində olduğu zaman uşaqlıq dövrünün acılarının, keçirdiyi sarsıntıların nəticəsi olaraq, səhhətində yaranmış problemlərlə bağlı hədsiz sevdiyi opera səhnəsindən ayrılmasına baxmayaraq, o, İtaliya ictimaiyyəti, sənətsevərləri tərəfindən bugünədək unudulmamışdır. Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır. Bu günlər İtaliyanın kütləvi informasiya vasitələrində öz sənəti ilə milyonların məhəbbətini qazanmış dünya şöhrətli vokalçı Eldar Əliyevə həsr edilmiş çoxsaylı məqalələr dərc olunmuşdur.

Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni" adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini vermişdir. “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcəkdir.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcəkdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi