Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1317

Qələbə ruhlu Üzeyir soraqlı festivaldan yadda qalanlar

Sentyabrın 18-dən 24-dək uğurla gerçəkləşən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu. Üzeyir musiqi bayramı pandemiya məhdudiyyətləri dövründə ölkəmizin mədəni həyatında, sözün gerçək mənasında hadisəyə çevrildi.

Builki festival tam başqa bir əhval bəxş edir, hər notu, hər rəngi müqəddəs hisslər yaşadırdı. Çünki festival bu il şanlı Qələbə ruhlu, zəfər sevincli notlarla zəngin idi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ənənəvi qaydada (ötən il videofestival formatında keçirilmişdi) gerçəkləşən builki festival bir çox əlamətdar hadisələrlə yadda qaldı. Musiqi bayramının ilk konsertlərindən biri 18 sentyabrda əzəli torpağımız, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət paytaxtımız elan olunmuş azad Şuşada keçirildi. Konsert Üzeyir bəyin doğma yurdunda, dahi bəstəkarın heykəlinin yenidən ucaldıldığı parkda reallaşdı. Konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bir-birindən dəyərli musiqilər səsləndirildi. Bu konsert həm də azad Şuşada ilk Milli Musiqi Gününün (Üzeyir Musiqi Günü) qeyd edilməsi ilə yaddaşlara yazıldı.

Həmin gün axşam isə Bakıda Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim edildi. Konsertlər üçün darıxmış tamaşaçı və səhnə üçün darıxan musiqiçilərdən əlavə bir də zal və səhnə vəhdəti anlamında möhtəşəm təşkil edilmiş proqram musiqisevərlərə unudulmaz anlar bəxş etdi.

Bu il ilk dəfə olaraq, festival çərçivəsində F.Əmirov adına Mahnı və Rəqs Ansamblının konsertləri Nizami yurdu Gəncədə və Ağdamda (Quzanlı qəsəbəsi) da baş tutdu. Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Ansamblın ifasında da Nizaminin sözlərinə bəstələnmiş əsərlərə xüsusi yer ayrılmışdı. Gəncəyə səfəri çərçivəsində kollektiv üzvləri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, Nizami Muzeyi ilə tanış olmuşdular. Ağdam Muğam Mərkəzində baş tutan konsert də dinləyicilər tərəfindən yüksək dəyərləndirilmiş, proqramda xalq və bəstəkar mahnıları, “Qarabağ şikəstəsi” təqdim edilmişdi. Festival konsertlərinin paytaxtla yanaşı bölgələrdə keçirilməsi yerlərdə milli və klassik musiqimizin gənc nəslə təbliği baxımından önəm kəsb edir. 

Üzeyir Festivalı təkcə musiqili gecələr və tədbirlərlə deyil, həmçinin incəsənətin digər sahələrini də özündə ehtiva edən tədbirlərlə əlamətdar oldu. Belə ki, festival çərçivəsində görkəmli baletmeyster Rəfiqə Axundovanın 90 illiyi münasibətilə çəkilmiş “Balet – ömrüm mənim” filmi nümayiş etdirildi. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında lentə alınıb. Təqdim olunan digər ekran əsəri isə “Azərbaycan opera inciləri”  adlanırdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş və milli operamızı geniş beynəlxalq auditoriya qarşısında təbliğ etmək məqsədi daşıyan bu filmdə Əməkdar artist Ramil Qasımovun Ü.Hacıbəylinin “Koroğlu”, Ə.Bədəlbəylinin “Nizami”, M.Maqomayevin “Nərgiz”, R.Qlierin “Şahsənəm”, F.Əmirovun “Sevil” və R.Mustafayevin “Vaqif” operalarında əsas partiyaları ifası yer alıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında, filarmoniyanın Kamera və orqan musiqisi zalında və digər mədəniyyət ocaqlarında təşkil olunan konsertlər, eləcə də Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Leyli və Məcnun” operasının nümayişi musiqi-sənət mühitimizin uzun fasilədən sonra normala dönməsinin nəzərə çarpan əlamətləri idi.

Musiqi bayramında ilk dəfə olaraq gənclərə xüsusi yer ayrılmış, özlərini böyük səhnədə nümayiş etdirmələrinə şərait yaradılmışdı. Çünki böyük bəstəkarımız Üzeyir Hacıbəyli də əsas diqqətini gənclərin yetişdirilməsinə vermişdi. Festival təşkilatçıları bu dəfə ənənəni davam etdirdilər. “Üzeyir sənətinin gənclik sədaları” adlı silsilə konsertlərin təşkili dahi musiqiçinin ideallarına sadiqliyin nümayişi idi. Layihə çərçivəsində gənclərin ifasında tamaşaçılara zəngin proqram təqdim olundu. İstedadlı pianoçu Vurğun Vəkilovun solo konserti, Əməkdar artist İlham Nəzərov və onun tələbələrinin iştirakı ilə vokal musiqi axşamı, “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti, “Xəzər dalğası” adlı layihə çərçivəsində “Xəzər” Universitetinin kamera orkestri və solistlərin iştirakı ilə konsert, həmçinin yeni yaradılan “cadeNZa” orkestrinin çıxışları festivalın yaddaşlarda iz qoymasına vəsilə oldu.  

Müxtəlif ölkələrdən musiqiçilərin görüş yerinə çevrilən festivalda Bakıda ilk dəfə çıxış edənlər də oldu. Maraqlı festival proqramı və təşkilatçıların xüsusi yanaşması nəticəsində paytaxtımızda ilk dəfə səhnəyə çıxan xarici musiqiçilər Azərbaycanı tanımaqla bərabər, öz yaradıcılıq məharətlərini də nümayiş etdirdilər. Bu musiqiçilər sırasında ABŞ-dan gələn iki iştirakçı – həmvətənimiz, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (piano) və beynəlxalq müsabiqələr laureatı Sergey Antonov (cello) və polşalı sənətçilər Pavel Kotla (dirijor), İvona Sobotka (soprano) qeyd etmək olar. Necə ki, dahi Üzeyir bəy Şərq və Qərb musiqi mədəniyyətləri arasında yıxılmaz təsir bağışlayan “sədd”in aradan qaldırılmasına nail oldu, eləcə də onun adını daşıyan bu festival dünyanın müxtəlif şəhərlərindən musiqiçiləri bir araya gətirərək Şərqlə Qərb musiqiçilərinin arasında yeni sənət körpülərinin qurulmasına töhfə verdi.

Üzeyir Festivalı çərçivəsində bir neçə kitab təqdimatı da keçirildi ki, bu nəşrlər musiqi sənətimizin tarixini öyrənmək və dünyada təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabı, “Türk dünyasının musiqi ulduzu – Üzeyir Hacıbəyli” (türk dilində) monoqrafiyasının təkrar nəşri və onun rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanan “Azərbaycanın musiqi tarixi” çoxcildliyinin V cildinin təqdimatı da festivala töhfələrdən biri oldu. Həmçinin festival çərçivəsində Milli Kitabxana və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş not kitablarının geniş auditoriyaya təqdim edildi.

Festivalın gedişində “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq bəstəkarlıq müsabiqəsi qaliblərinin təltif olunması mərasimi və yekun konsert isə musiqimizin xaricdə təbliğinə hər zaman diqqət yetirildiyini nümayiş etdirmiş oldu. Bu ilin yanvarında elan olunan müsabiqə Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə reallaşdı.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əbədiyaşar yaradıcılıq irsinə sevgi və ehtiramın nümayişi olan Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konsertləri aylardır pandemiya girdabında qalmış mədəni həyatımıza yeni hava gətirdi, ruhumuzu dinləndirən melodiyalara qol-qanad verdi. Altı gün ərzində təqdim olunan proqramlarda hər bir musiqiçi yaradıcı potensialını, məharətini və sənətlərinə can yanğısını göstərməyə nail oldu.

Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşdu. Lakin festivalın səsi, ünü, yaratdığı duyğular, alqışlar, səhnə sevincləri uzun müddət xatirələrdən silinməyəcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi