Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türk Dünyası Jurnalistlər Federasiyası”nın təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalının finalist filmləri açıqlandı.
Bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25 film finalist olaraq seçilib. Filmlər 2 müsabiqə proqramında - “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.
Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi yer alır. Bunlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev), Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” (rejissor Fariz Əhmədov) filmləri, habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.
Festivalın mükafatlandırma və bağlanış mərasimi 15 oktyabr 2021-ci il tarixində İstanbulda keçiriləcək.
Tədbirin builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib.
Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 Festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.