Mayın
28-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Şərqin ilk demokratik respublikası” mövzusunda videokonfrans keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 102 – ci ildönümünə həsr olunmuşdu. Videokonfransı giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu istiqamətində gördüyü işlər haqqında məlumat verdi. Vurğuladı ki, Cümhuriyyətin fəaliyyəti dövrlərində ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirilmişdir.Sonra söz regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorlarına verildi. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi, Azərbaycanın həmin Cümhuriyyətin varisi olması və 28 May Respublika günü kimi qeyd olunması haqqında verdiyi qərarlar haqqında məlumat verdi.
Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov Azərbaycan Xalq Cümhuriyyəti zamanı mədəni quruculuq istiqamətində görülmüş işlər haqqında məruzə ilə çıxış etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü haqqında Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova məlumat verərək, Gəncənin qədim adının özünə qaytarılması, ordu quruculuğu istiqamətində görülmüş işlər haqqında məruzə etdi.
Videokonfransda daha sonra Gəncə şəhər, Samux, Quba, Gədəbəy, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Qazax, Salyan, Şabran rayon Heydər Əliyev mərkəzlərinin direktorları Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymət verilməsi haqqında məruzələrlə çıxış etdilər. Vurğulandı ki, Heydər Əliyev Azərbaycana uğurlu rəhbərliyi sayəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub.