Şabran və Quba rayonlarında “Xeyirlə şərin rəqsi” bədii filmi tamaşaçılara təqdim edilib
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə regionlarda milli kino nümayişi mövsümünə start verilib. Bu məqsədlə regionda da milli filmlərimizin nümayişi başlanıb. Regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrində və kinozallarda filmlər geniş tamaşaçı kütləsinə təqdim olunur.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə növbəti nümayiş edilən film C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Xeyirlə şərin rəqsi” filmi oldu. Film bu gün əvvəlcə Şabran şəhərində, daha sonra isə Qubada nümayiş edildi. Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında quruluşçu rejissor Yavər Rzayevin çəkdiyi bu filmin nümayişinə Quba və Şabran tamaşaçıları böyük maraq göstəriblər. Filmdən əvvəl keçirilən təqdimat mərasimində çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev regionlarda təşkil olunan milli kino mövsümünün əhəmiyyətindən danışdı. Kinozallarda yenidən tamaşaçı kütləsinin artdığı və tamaşaçıların filmlərə marağı xüsusi qeyd olundu. Daha sonra “Xeyirlə şərin rəqsi” filminin yaradıcı heyəti tamaşaçılara təqdim edildi. Filmin əsasən Quba rayonunda lentə alınması xüsusi vurğulandı. Yaradıcı heyət həm çəkiliş zamanı, həm də filmin təqdimatında Quba sakinlərinin kinoya olan marağını xüsusi qeyd etdilər. Yeni çəkilən filmlərin Azərbaycanda kino incəsənətinin inkişafına töhfə olduğu da vurğulandı.