Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2019-cu il tarixli Sərəncamına əsasən 19 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli opera mügənnisi, aktyor, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tədbirə teatr korifeyinin həyat və yaradıcılığını əks etdirən səyyar foto- sərgi ilə qatılmışdır. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlamışdır. 1908 ildən “Nicat” cəmiyyəti nəzdindəki opera truppasının solisti olmuşdur. Ü. Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı olmuşdur. O, bu rolda 1908 – 1941-ci illərdə 400 dəfədən artıq çıxış etmişdir. Digər milli opera və operettalarda da əsas partiyaları ilk dəfə H.Sarabski ifa etmişdir: Şeyx Sənan, Şah Abbas, Kərəm, Sərvər, Əsgər (Ü.Hacıbəyli – “Şeyx Sənan”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”), Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. Sarabski sənətinin ecazkarlığı obrazların daxili aləmini təbii boyalarla ifadə etməsində idi. H.Sarabski Bakıda keçirilən “Şərq gecələri”nin təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. O, həmçinin “Müsəlman opera truppası” və “Müsəlman dram truppası”nın yaradıcılarından biri idi. H.Sarabski 1910-cu ildən rejissor kimi də fəaliyyət göstərmişdir: “Rüstəm və Zöhrab”, “Ər və arvad” (1910, Ü.Hacıbəyli), “Arşın mal alan” (1913, Ü.Hacıbəyli), “Ölülər” (1916, C.Məmmədquluzadə) əsərlərini tamaşaya qoymuşdur. Bakıda Mərkəzi Fəhlə Klubunda dram dərnəyinə rəhbərlik etmişdir (1920). H.Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmaqla bərabər, 1932-ci ildən ömrünün sonuna kimi Xalq Yaradıcılığı Evinin rəhbəri olmuşdur. O, Azərbaycan Dövlət Konservatoriyasında və Azərbaycan Dövlət Musiqi Məktəbində (muğam sinfi üzrə) dərs demişdir. Azərbaycan muğamlarının inkişafında, təbliğində, proqramlaşmasında və tədrisində H.Sarabskinin misilsiz xidmətləri olmuşdur. H.Sarabski həmçinin bir sıra pyeslərin müəllifidir: “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qarşığına” və s. H.Sarabskinin “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri teatr tariximizin öyənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski “Muğan”, “Dağlar”, “Leyla” və s. mahnıların müəllifidir.