Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin keçirilməsi ilə əlaqədar 27 fevral 2018-ci il tarixdə Astara rayon Mərkəzi kitabxanasında rayon MKS-i və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Nəsimi poeziya” adlı bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirilmişdir. Müsabiqədə Astara şəhəri üzrə 1, 2, 3, 4, 5, 6 saylı tam orta məktəblər, Kijəbə qəsəbə tam orta məktəbi, kənd məktəbləri üzrə Pensər, Təngərüd, Səncərədi, Şahağac, Siyakü kənd tam orta məktəbləri iştirak etmişlər. Müsabiqənin
yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün münsiflər heyəti yaradılmışdır.Müsabiqədə ümumrayon məktəbləri üzrə 38 məktəbli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon MKS-in direktoru Tural Eyvazov görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir. Müsabiqə İştirakçıları ədibin yaradıcılığından müxtəlif qəzəllər, qəsidələr ifa etmişlər. 6 nəfər məktəbli fərqləndiyinə görə rayon MKS-in və rayon Təhsil şöbəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Müsabiqənin I turunun ikinci mərhələsinə isə Astara rayonunun Siyakü kənd tam orta məktəbin X sinif şagirdi Quluzadə Ruhiyyə Elman qızı vəsiqə qazanmışdır.