Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç vəfat etmişdir
Azərbaycan
mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç 2019-cu il oktyabr ayının 7-də ömrünün 64-cü ilində vəfat etmişdir.Saprıkin Aleksey Alekseyeviç 18 avqust 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1972-75-ci iIlərdə S.M.Şteynberqin, 1980-82-ci illərdə C.Səlimovanın teatr studiyalarında staj keçmiş, 1991-92-ci illərdə Bakı Kamera Teatrında aktyor vəzifəsində çalışmışdır.
1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış, operativ kəşfiyyat bölümündə baş leytenant hərbi dərəcəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997-2000-ci illərdə isə Azərbaycan Dövlət Texniki Universitetinin “Hərbi kafedrası”nda müəllim vəzifəsində çalışmışdır.
A.Saprıkin 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışmışdır.
Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaratmışdır.
İstedadlı aktyor və gözəl insan Aleksey Saprıkinin əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
08.10.2019 Bakı şəhəri