Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Kiyev şəhərində keçirilən “Mariya” adlı beynəlxalq monotamaşalar festivalında uğurla iştirak edib
1631
11.10.2017
11.10.2017 06:14
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
nın kollektivi oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı beynəlxalq monotamaşalar festivalında iştirak edib. Sözügedən festivalda ölkəmizi ADGTT-nın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edərək festivalın diplomu ilə təltif edilmişdir. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumunda da iştirak edib. O, seminarda “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti ” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda Azərbaycan teatrının bu günkü durumu və ölkəmizdə fəaliyyət göstərən teatrların inkişafı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. ADGTT repertuarının zənginliyi, səhnədə klassik əsərlərin çoxluğu forum iştirakçılarında böyük maraq doğurub. Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da iştirak edib.“Kontrabas” tamaşasının nümayişindən sonra iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və Polşalı həmkarlar ADGTT-nı öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın festival rəhbərləri ADGTT-nın kollektivini ölkələrində keçiriləcək növbəti festivallara dəvət ediblər.
Qeyd edək ki, Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə daha bir festivala dəvət alıb. Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı oktyabrın 25-dən 28-dək davam edəcək.