Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tədbirlər keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral - Gənclər gününə həsr olunmuş konsertlər keçirilib.
Tədbirin aparıcısı Humay Muxtarova iştirakçıları Gənclər günü münasibətilə təbrik edib, bildirib ki, 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkəmizdə bu bayram geniş qeyd olunur.
H.Abbasov adına Mədəniyyət Mərkəzində gənc müğənni Mina Hüseynin, Nardaran qəsəbə klubunda isə tanınmış müğənni İzzət Bağırovun ifasında konsert proqramları təqdim olunub. Konsert zamanı onlar bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Konsertlərdə həmçinin tanınmış müğənnilər Emil Bədəlov, Tərlan Novxanı, Ələkbər Yasamallı, Asif Məhərrəmov və rəqqasə Kəmalə Səfərəliyevanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda konsertlərdə iştirak edən fəal gənclərə İdarə tərəfindən təşəkkürnamələr təqdim olunub.