Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə keçirilən, regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına və incəsənətinə həsr olunan “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya verilişinin ilk çəkilişinə Ağstafa rayonundan başlanılıb.
Ağstafa Rayon Musiqi Mərkəzində keçirilən konsertdə rayonun istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, qonşu rayonların özfəaliyyət kollektivləri milli və etnik rəqs nümunələri ilə çıxış edib, simli musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər. İştirakçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rayon ziyalıları bölgələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Musiqi mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin təmsilçiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.