Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Qurtuluş,- Müasir Azərbaycanın inkişafının başlandığı tarix” adı altında dəyirmi masa keçirildi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 11 iyun 2018-ci il tarixdə Milli Qurtuluş gününə həsr olunmuş
“Milli Qurtuluş,- Müasir Azərbaycanın inkişafının başlandığı tarix” adı altında dəyirmi masa keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas məqsədi müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Həqiqətən də Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını Azərbaycan xalqının milli qurtuluşu, milli xilası kimi qiymətləndirmək olar.
Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov bildirdi ki, Heydər Əliyev bizim dahi müasirimiz, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən, taleyin xalqımıza bəxş etdiyi böyük şəxsiyyətdir. Rafiq Cavadov çıxışında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından qabaq ölkədə yaranan hərc-mərclikdən danışıb dahi rəhbərin çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldığını, milli qurtuluşumuzun zəfər yürüşünün əsasını qoyduğunu xüsusi vurğuladı.
BDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Alişan Qulaməliyev çıxış edərək bildirdi ki, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.
Kitabxanaçı Sona Yaqubova müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyevin yaratması, 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olması haqqında danışdı.
BDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Dinara Əliyeva bildirdi ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru, düzgün yolla yalnız irəliyə aparacaqdır.
Kitabxanaçı Şəlalə Cəfərli bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasından danışıb bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyətə malik olduğunu qeyd etdi.
BDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbələri Səltənət Namazova, Turan Bayramov, Alişan Qulaməliyev, Dinara Əliyeva, Kənan Məmmədov Milli Qurtuluş günü münasibətilə ədəbi kompozisiya ilə çıxış etdilər.
Tədbir boyu Milli Qurtuluş gününə həsr olunmuş video çarx nümayiş edildi.
Tədbirin sonunda “Azadlığa gedən yol” adlı kitab sərgisinə baxış keçirildi.