Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6308

Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 50 illik yubileyi qeyd olunub

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından 50 il ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır.

Dekabrın 26-da Şəki şəhərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və qonaqlar qoruğun ərazisini gəziblər.

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra yubiley tədbiri “Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında davam etdirilib.

Şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların, qoruğun əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim tarixə, dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəkidə çox zəngin tarixi-mədəni irsin yarandığını bildirib. Qeyd olunub ki, bu gün Şəki orta əsr şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir məkandır.

Diqqətə çatdırılıb ki, Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarına əsasən, 1967-ci ildə yaradılıb. Qoruğun ümumi ərazisi 283 hektardır. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur.

Bildirilib ki, hazırda Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Belə ki, 2017-ci il iyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı müzakirə olunub. Bu nominasiya üzrə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Elxan Usubov qeyd edib ki, Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi barədə qərar şəhər ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Qərarın qəbul edilməsi Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qoruğun əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, qoruğun əməkdaşları öz yubileylərinə əliboş gəlməyiblər: “Şəki bu gün, həqiqətən də, öz adına, zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna, şirin ləhcəsinə sadiq olan şəhərdir. Şəki tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olub və bu ənənə indi də davam edir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi də tanınır”.

Qoruğun direktoru Təranə Abdullayeva çıxışında tarixi məkanın özəlliklərindən bəhs edib. Bildirib ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.

Vurğulanıb ki, qoruğun digər özəlliyi, dəyəri onun Azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu ərazidə doğulub. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var.

Hazırda qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digər sənət növləri indiyədək qorunub saxlanılır, inkişaf etdirilir, gələcək nəsillərə çatdırılması üçün iş aparılır.

Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan qədim şəhərin zəngin mədəni irsi ilə bağlı düşüncələrini diqqətə çatdırıb.

Tədbirdə mədəni irsin qorunması sahəsindəki xidmətlərinə görə qoruğun bir qrup əməkdaşına Şəki Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilib.

Sonra “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun veb-səhifəsinin təqdimatı olub.

Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!