Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilmişdir. 1997-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı “Qızıl kitaba” yazılmışdır və bu gənclərə 25 yaşadək aylıq təqaüd ödənilir.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cü il tarixində Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində ixtisası üzrə təhsil alan və çalışan 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilmişdir.
10 aprel tarixində fortepiano, 11 aprel tarixində nəfəs və simli alətlər, vokal, 12 aprel tarixində xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə musiqiçilər dinlənilmişdir. 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilmiş və konsert-festivalın proqramına daxil edilmişdir.
Təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 21-22 may 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert-festival keçiriləcəkdir.