Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa təşkil olunub
8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət Universitetinin “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” adlı dəyirmi masa keçirilmişdir. Tədbir ölkədə multikultural ənənələrin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş şəkildə təbliğ olunması məqsədi daşıyır.
Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq bu cür tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyətindən danışmışdır.
Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Mərkəzin gördüyü işlərdən, multikulturalizmə aid tədbirlərdən bəhs etmişdir. Sonra Mərkəzin şöbə müdiri Nurəddin Babayev çıxış edərək, multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs etmiş, Gəncənin ən böyük multikultural şəhərlərdən biri olmasından danışmışdır.
AMEA Fəlsəfə İnstitutu tərəfindən böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizm - sülh və həmrəyliyin paradiqmasıdır” adlı məruzəsində multikulturalizm və dialoq fəlsəfəsi haqqında çıxış etmişdir.
Dəyirmi masada Gəncə Dövlət Universiteti tərəfindən Sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov çıxış edərək tolerantlığın dövlət siyasəti olduğundan söz açmış, qeyd etmişdir ki, tolerantlıq, çoxmədəniyyətçilik universitet tələbələrinin də marağına səbəb olmuşdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli tələbələrə imtahanlarda bugünkü tədbirin tezislərindən istifadə edilməsini məsləhət görmüşdür. Mərkəzin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Üzəyir Babakişiyev vurğuladı ki, multikulturalizm sabitliyin əsasıdır. Həmçinin, dəyirmi masada Mərkəzin şöbə müdirləri Yadigar Məmmədli, Məzahir Qarayev, Sənan Talıbov iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycan multikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi və klassik musiqi konserti təşkil olunmuşdur.
Sonda Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev iştirakçılara təşəkkürünü bildirərək qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən dörd dəfə Mədəniyyətlərarası dialoq forumu, milli azlıqların folklor festivalı təşkil olunmuşdur.
Sonda Gəncə Dövlət Universiteti Mərkəz tərəfindən Fəxri diplomla təltif olunmuşdur.