Mədəniyyət Nazirliyi tərəfindən görkəmli memar, akademik Rasim Əliyevin "Keçmişdən gələcəyə" kitabının və Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçiriləcəkdir.
Tədbir 16 iyul 2019-cu il tarixində saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaqdır.Qeyd edək ki, Rasim Həsən oğlu Əliyev 16 iyul 1934-cü ildə Gəncə şəhərində görkəmli alim, akademik, ictimai xadim Həsən Əliyevin ailəsində anadan olub. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. Azərbaycan Dövlət layihə institutunda əmək fəaliyyətinə başlayan memar respublikada şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1974-1988-ci illərdə Bakı şəhərinin Baş memarı olub.
Respublikamızda memarlıq sənətinin inkişafına töhfələr vermiş Rasim Əliyev bir çox memarlıq abidəsinin və layihələrin müəllifidir. Onların sırasında “Ulduz” sarayı, Televiziya və Radio Verilişləri qülləsi, Moskvada Azərbaycan Nümayəndəliyinin binası, Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı, Naxçıvan Hava Limanı, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsi və Bakıdakı Hüseyn Cavid parkı, ölkəmizin Türkiyənin Ankara şəhərindəki səfirliyinin binası, Naxçıvanda Heydər Əliyev parkı, Heydər Əliyev Muzeyi və Mərkəzi, Heydər Əliyevin məzarüstü abidə kompleksi, Rixard Zorge və Koroğlu parkları, habelə Qubada, Sabirabadda, İsmayıllıda və Xırdalanda mədəniyyət evləri, meydan və parklar, “Xalqlar Dostluğu” və “Həzi Aslanov” metrostansiyaları, onlarla inzibati, ictimai və yaşayış binaları, tikililəri vardır.
Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı, “İçərişəhərin Regenerasiya Planı” hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, həmçinin respublikanın bir çox rayonlarında böyük memarlıq tikinti layihələri həyata keçirilib.
Müvafiq sahədə göstərdiyi xidmətlərə görə Rasim Əliyev Azərbaycan Respublikasının Əməkdar memarı fəxri adı (1979), "Qırmızı Əmək Bayrağı" (1980), "Şöhrət" (2000), "Şərəf" (2009), "İstiqlal" (2014) ordenləri ilə təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatına (1982), "Humay-96" (1997) layiq görülmüşdür.
Rasim Əliyev Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının , Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür. SSRİ və Azərbaycan Memarlar İttifaqının üzvüdür.