Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1253

Görkəmli kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi qeyd edildi

Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbiri akademik, millət vəkili Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı xatirələrini danışdı. Bildirdi ki, görkəmli sənətkar həyata çox bağlı və arzularla yaşayan bir şəxsiyyət idi. O, Türkiyənin İstanbul şəhərində işlədiyi, Memar Sinan Universitetində çalışdığı vaxtlarda Türkiyə və Azərbaycan mədəniyyətini tanıdan, təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.

Rafael Hüseynov daha sonra görkəmli rejissorun 1971-ci ildə çəkdiyi “Oxuyur Müslüm Maqomayev” filmindən bəhs etdi. Qeyd etdi ki, T.İsmayılov kino vasitəsilə zamanı tutub saxlamağı bacaran sənətkar idi: “Onunla ilk işbirliyimiz Cəlaləddin Rumi haqqında çəkdiyimiz “Gəl” filmində oldu. Daha sonra uzun illər əməkdaşlıq etdik. Çox arzularımız, planlarımız vardı. Nağıl qəhrəmanlarının obrazlaşdırıldığı uşaq filmləri çəkmək istəyirdik. Lakin ömür vəfa etmədi. Tofiq İsmayılov mədəniyyət tariximizdə silinməz iz qoyub. İllər ötəcək, nə qədər Azərbaycan mənəviyyatında gözəlliyə, sənətə sevgi var Tofiq İsmayılov yaşayacaq”.

Filologiya elmləri doktoru, professor Aqşin Babayev çıxış edərək görkəmli kinorejissorla gənclik illərindən dostluq etdiyini dedi: “Onunla ilk dəfə dram dərnəyində tanış olmuşuq. Hər ikimiz ora gedirdik. O, mənə həmişə deyirdi ki, elə bilirdim aktyor olacaqsan. Rəssamlıq, musiqi dərnəklərinə də gedirdik. Bu sənət sahələrində özümüzü axtarırdıq. Onuncu sinifdə oxuyanda, artıq biz Gənc Tamaşaçılar Teatrının aktyoru idik...”

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etdi: “Tofiq İsmayılovla gənclik illərindən tanış idik. Ailəvi dost idik. Onun haqqında fikirləşəndə onu düşünürəm ki, insan bu dünyada nə etməli idisə, bir Azərbaycan ziyalısı bu dünyada nə etməli idisə, bir sənətkar nə etməli idisə və bir ailə başçısı nə etməli idisə, Tofiq İsmayılov hamısını edib. Yəni bir insan kimi yaşadı, sənətkar kimi gözəl filmlər çəkdi. Bir yazıçı kimi həyati kitablar yazdı. Müəllim kimi neçə-neçə tələbələrini yetişdirdi. Gözəl ailə qurdu və dünyaya üç gözəl qız balasını gətirdi. Nəhayət, nəvəsinin toyunu gördü...”

Xalq yazıçısı kinorejissorun Türkiyə həyatı ilə bağlı da danışdı. Qeyd etdi ki, görkəmli sənətkar Türkiyənin Azərbaycanla mədəni yaxınlaşmasında çox böyük xidmətlər göstərib. O, çalışırdı ki, Türkiyədə Azərbaycanın sənətini, musiqisini kinosunu və ədəbiyyatını daha yaxından tanısınlar. Ona görə də o, Türkiyədə Azərbaycanda sevildiyi qədər, bəlkə də bir az çox tanınır və sevilir...”

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi çıxışında T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə etdi, onun Türkiyə sənətsevərlərinin yaddaşında unudulmaz sənətkar kimi qaldığını dedi. Bildirdi ki, Tofiq İsmayılovun həyata, insana çox maraqlı və fərqli baxışları vardı. Sənətə, kinoya, ədəbiyyata böyük məhəbbət bəslədiyi kimi, öz xalqına, türk dünyasına, xüsusən gənc nəslə də bir o qədər sevgi ilə yanaşardı.

Tədbirdə daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. Çıxışçılar Tofiq İsmayılovun Azərbaycan sənətində xüsusi yerindən bəhs edərək vurğuladılar ki, o, yüksək peşəkarlığa malik kino xadimi idi…Onun “Oxuyur Müslüm Maqomayev” filmi tarixdə əbədi qalacaq. Çünki o, filmlərini böyük həvəs və maraqla çəkib. 

Mərhum sənətkarın ailəsi adından qızı Sevinc İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

Çıxışlar arası kinorejissorun lentə aldığı filmlərdən fraqmentlər və həyatı ilə bağlı video-slayd göstərildi. Əməkdar artist İlqar Muradov və estrada müğənnisi Sərxan Sərxanın ifasında mahnılar ifa olundu. 

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı