Rəsul Rzanın Göyçaydakı ev muzeyində Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan muğam sənətinin layiqli nümayəndəsi Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Unudulmayan sənətkarımız” adlı musiqili tədbir keçirilmişdir. Tədbirdə Mərkəzi Kitabxananın, “Arvan” uşaq kitabxanasının, Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin bir qrup müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən görkəmli mədəniyyət nümayəndərinin yubilieylərinin keçirilməsi Azərbaycan mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Rəsul Rza ev muzeyinin bir mədəniyyət ocağı kimi hər zaman belə unudulmaz sənətkarları yad etdiyini qeyd edən S.Həsənova bildirmişdir ki, ötən əsrin 60-ci illərində Azərbaycan muğam ifaçılığı sənətinə yeni bir nəfəs gətirən Hacıbaba Hüseynov öz bənzərsiz səsi ilə musiqi sevənlərin qəlbində iz qoymuşdur.
Tədbirdə uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, əməkdar müəllim Adil Məmmədov çıxış edərək sənətkar haqqında xoş xatirələrini, fikirlərini bölüşüblər.
Sonda uşaq musiqi məktəbinin müəllimi Elşad Ehtiramoğlunun ifasında Hacıbaba Hüseynovun repertuarından musiqi nömrələri səsləndirilmişdir.