Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti keçiriləcək
17 may 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.
Müsabiqədə 3 yaş qrupu (I qrup: 10-13 yaş; II qrup: 14-17 yaş; III qrup: 18-21 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas musiqi məktəbindən şagird və tələbələr iştirak etmişdir. Cari ilin aprel ayında müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu Bakı şəhərində keçirilmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 100-dən çox gənc kamança ifaçısının çıxışını qiymətləndirmişdir. Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Lənkəran, Şəki, Şirvan şəhər, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Kürdəmir, Qazax, Samux, Şəmkir, Şamaxı, Tovuz, Yevlax rayon uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, hədiyyələrə və fəxri fərmanlara layiq görülmüşlər. Müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilmiş və onlar fəxri fərmanlarla təltif olunmuşlar.