Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2703

Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb

Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib : “Bu gün biz “Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.

Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir.

Mən bu imkanı yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək istəyirəm. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün hamınıza minnətdaram”.

Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək bildirib ki, muzeyin Azərbaycandan olan həmkarları ilə çox yaxşı əlaqələri var. Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin olduğunu diqqətə çatdıran Y.Titova deyib: ““Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir. Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb. Sərgi salonlarının əksəriyyəti Qara Qarayevin yaradıcılığına həsr olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır”.

Y. Titova sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Son aylarda Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin keçirildiyini xatırladan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Bu yaxınlarda - oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz mərkəzi meydanda “Azərbaycanın payız sovqatları” sərgisi açılmışdı. Beş gün ərzində sərgini 70 mindən çox adam ziyarət etdi. Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı, Moskva Dövlət Universitetində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu gün bu gözəl muzeydə, özü özlüyündə muzey olan bu nadir binada “Yeddi gözəl” sərgisi açılır”.

Tədbirlərin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edən diplomat deyib: “Bütün bu tədbirlər Heydər Əliyev Fondunun dəstəyi sayəsində ərsəyə gəlib. Mən, həmçinin bu tədbirlərin təşkilində fəal iştirakına və yardımına görə Leyla xanıma minnətdarlığımı bildirmək istəyirəm. Nəsiminin xatirə abidəsinə görə xüsusi təşəkkür edirəm. Bu abidə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) kimi bir universitetdə qoyulub. Universitetə gələn hər yeni nəsil Nəsimi haqqında daha çox məlumat əldə edəcək. Bugünkü tədbirə gəldikdə isə sərgi iki xalqın və ölkənin həyatında əlamətdar hadisədir. Mən sizin hamınıza xoş ovqat arzu edirəm ki, bu sərgi xatirələrinizdə qalsın”.

Qeyd edək ki, sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılır.

Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparacaq. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılacaq.

Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.

Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının yaşadılması və dünyada tanıdılması istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasını, Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının yaradılmasını, Nizami Gəncəvinin “Xəmsə”sinin yeni formatda – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarının Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını və digər layihələri qeyd etmək olar.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb