Mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın ölkəmizdəki səfirlərini qəbul etdi
15 may 2019-cu il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın ölkəmizdəki səfirlərini qəbul etdi.
Meksika Birləşmiş Ştatlarının Səfiri Rodriqo Labardini, Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos və Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Xeyrullah Spelanayla görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparıldı.
Həmçinin, Nazir Əbülfəs Qarayev qonaqlara hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və cari ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək, ölkəmizin qeyd edilən Komitəyə sədrliyinin əhəmiyyətini vurğuladı.
Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret Fəaliyyət Planının işlənib hazırlanması barədə razılığa gəlindi.