18 aprel 2018-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində hazırda Fransada yaşayan həmyerlimiz, görkəmli pianoçu, beynəlxalq konsert ifaçısı, pianoçuların Ədilə Əliyeva adına Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin prezidenti Ədilə Əliyevanın ustad dərsləri keçirildi. Dərslərdə Bakının müxtəlif musiqi tədris ocaqlarında təhsil alan istedadlı gənc pianoçular iştirak etdi. Bunlardan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Nərgiz Əliyeva S. Prokofyevin “Sarkazm” pyesini, Münəvvər Alıyeva isə İ. S. Baxın 12 saylı invensiyasını və Y. Haydnın Sonata-partitasını, Ü. Hacıbəyli adına BMA-nın Məktəb-studiyasının şagirdi Humay Nəbiyeva V. A. Motsartın 8 saylı sonatasını, 22 saylı Musiqi Məktəbinin şagirdi Amin Məhərrəmzadə İ. S. Baxın II cild YTK-dən 12 saylı prelüdiya və fuqasını Ədilə xanıma təqdim edərək “fortepiano şəhzadəsi”nin qiymətli məsləhətlərini almaq imkanını əldə etdilər.
Ədilə xanımla yeddi saat davam edən ünsiyyətdən böyük həzz alan şagird və müəllimlər ustada öz minnətdarlıqlarını bildirərək, daim belə dərslərin keçirilməsində maraqlı olduqlarını və ondan növbəti görüşlər ümüdi ilə ayrıldıqlarını söylədilər.