Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11 iyul 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Dimitr Kantemir haqqında məlumat vermiş, onun böyük yazıçı, dövlət xadimi, alim, qədim türk, Osmanlı musiqisinə böyük töhfələr verən bir bəstəkar olduğunu bildirmişdir. Həmçinin direktor Dimitri Kantemirin İstanbulda olarkən yaşadığı evlərdən birinin 2007-ci ildə restovrasiya edilərək muzey olaraq fəaliyyət göstərməyə başladığını qeyd etmişdir.
Tədbir zamanı Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxış edərək Dimitri Kantemirin böyük bir şəxsiyyət, dövrün tanınmış tarixçi, alim və musiqiçisi olduğunu, Osmanlı imperiyası dövründə klassik türk musiqisinə verdiyi töhfələrin xüsusilə diqqətəlayiq olduğunu vurğulamışdır.
Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilmişdir. Xanım Eleonora Borisovna Kantemir Bakıda bundan əvvəl bir neçə dəfə olduğunu bildirərək, şəhərimizi çox bəyəndiyini, onun daha da inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qeyd etmişdir. Qonaq həmçinin insanların çox mehriban, ürəyiaçıq olduğunu və onu xoş qarşıladıqlarını xüsusilə vurğulamışdır.
Müəllif kitabda öz qədim Kantemirlər sülaləsinin keçmişdən bugünə qədər olan tarixindən bəhs etdiyini, kitabı yazarkən apardığı araşdırmalar zamanı Kantemirlər nəsli haqqında maraqlı məlumatlar əldə etdiyini bildirmişdir. Ən maraqlısı isə odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı daşıyan bacısını tapdığını və buna görə Azərbaycanın, Bakı şəhərinin onun üçün doğma bir yer olduğunu bildirmişdir.
Tədbirin sonunda Kərim Tahirov Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitabını və Azərbaycanın tarixi abidələrinin qeyd olunduğu xəritəni qonağa hədiyyə etmişdir. Xanım Eleonora Kantemir isə öz növbəsində təqdimatı keçirilən kitabdan bir neçə nüsxə Milli Kitabxananın fonduna hədiyyə etmişdir.