Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
Yanvarın 23-ü Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində mədəniyyət sektoru işçiləri üçün digər təlim başlamışdır. Tədbiri Tvinninq layihəsinin Azərbaycandakı koordinatoru Alessandro Bianki açmışdır. Qeyd edək ki, mədəniyyət sektorunun inkişafı üzrə Tvinninq layihəsi Avropa İttifaqi tərəfindən maliyyələşdirilir və artıq iki ildir ki, fəaliyyət göstərir. Layihə bu ilin aprel ayında bitəcəkdir.
Təlim 4 gün davam etməklə “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” haqqında bilikləri və təcrübələri paylaşacaq. Təlimçi İtaliyanın Mədəni İrs və Turizm Nazirliyinin işçisi, layihə dəyərləndirməsi və mədəniyyət siyasəti üzrə ekspert Marko Marinuccidir. Təlimdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən, Qobustan Dövlət Tarixi-bədii qoruğundan, Azərbaycan Xalça muzeyindən, Milli İncəsənət muzeyindən, Teatr Təlim Mərkəzindən, İstiqlaliyyət Muzeyindən, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyindən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak edir.
Təlimin sonuncu günündə iştirakçılar qruplar şəklində müəyyən tapşırıqlar yerinə yetirəcəklər. Təlim 26 yanvar iştirakçılara sertifikat təqdim olunmaqla yekunlaşacaqdır.