Mingəçevir Dövlət Dram Teatrında Milli Teatrın 144-cü il dönümü münasibəti ilə yeni mövsümün açılış mərasimi olmuşdur
Sentyabrın 20-də Mingəçevir Dövlət Dram Teatrında Milli Teatrın 144-cü il dönümü münasibəti ilə yeni mövsümün açılış mərasimi olmuşdur. Həmin gün teatrın səhnəsində M.F.Axundzadənin “Sərgüzəşti –Vəziri-Xani Lənkəran” əsərinin tamaşası oynanmışdır. On doqquzuncu yüz ilin saray mühitində baş verən ictimai-siyasi hadisələrinə ayna tutan bu tamaşanın quruluşçu rejissoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli, səhnə tərtibatı Kəmalə Əsgərova, musiqi tərtibatı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.
Tamaşada rolları Şıxı Yaqubov, Ella Yaqubova, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Könül Hacıyeva, Paşa Salmanov, Fəridə Məmmədova, Aytən Allahverdiyeva və b. ifa edirlər.
Tamaşadan sonra teatrın təsis etmiş olduğu “Bravo” adlı mükafatlar üzrə nominasiya mərasimi keçirilmiş və teatrın direktoru Səxavət Məmmədov bu mükafatları sahiblərinə təqdim etmişdir. Qeyd edək ki, teatrın kollektivi ilə yanaşı Mingəçevirdə fəaliyyət göstərən mətbuat nümayəndələri Mirsədi Daşdəmirov, Yeganə Nəbiyeva Esmira Hidayətovada teatrın dostları nominasiyası üzrə təltif olunmuşdular.
İlin ən yaxşı tamaşası nominasiyasına Xəzər Gəncəlinin hazırlamış olduğu “Müfəttiş” tamaşası layiq görülmüşdür.