Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Ömür deyir yaşa hələ” adlı yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Etibar Əliyev qeyd edib ki, Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskidən alıb. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV-nin “Qızıl Fondu”nda saxlanılır. O vurğulayıb ki, Əlibaba Məmmədov muğam sənətində öz xüsusi dəst-xətti olan xanəndə kimi tanınmışdır. Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arsında bir əlaqə qurub və bu mahnılar xalq tərəfindən sevilir.
Tədbirdə Xalq artisti Əlibaba Məmmədovun bəstələdiyi mahnılar Xanəndəlik şöbəsinin müəllim və şagirdlərinin ifalarında səsləndirilib.
Sonda sənətkarın yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.