Oktyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məsturu, İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsini və “ATV Kitab” layihəsinin rəhbəri, şair Səlim Babullaoğlunu qəbul etmişdir.
Mustafa Məstur “ATV Kitab” layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən “Tanrının ay üzündən öp” romanını nazir Əbülfəs Qarayevə hədiyyə etmişdir.
Görüş zamanı nazir hər iki xalqın zəngin mədəniyyətindən bəhs etmiş, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulamışdır. Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının fars dilli ölkələrdə, İran ədəbiyyatının isə türk dilli ölkələrdə yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Qəbula görə təşəkkür edən Mustafa Məstur Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışmış və Azərbaycan yazarlarının əsərləri ilə tanış olduğunu bildirmişdir. Hər iki qonaq milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirmişdir.
Hər iki tərəf bir daha bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasındakı mədəni əlaqələrin, eyni zamanda turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdir.
Qəbulda mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.