Niyazinin mənzil-muzeyinin 25 illiyi ilə əlaqədar “Dirijorlarla görüş” layihəsi çərçivəsində aprelin 10-da növbəti tədbir təşkil edilib.
Layihənin budəfəki qonağı beynəlxalq müsabiqələr laureatı, T.Əhmədov adına Estrada-Simfonik Orkestrinin baş dirijoru, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin rəhbəri Cavad Tağızadə olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova deyib: “O dövrlərdə bizim dirijorlarımız az idi və bizi təbliğ edən yeganə şəxs maestro Niyazi olub. İllər keçib, Azərbaycan sənəti böyük nailiyyətlər əldə edib, yeni-yeni dirijorlar yetişib. Onlar bizi nəinki MDB məkanında, həm də dünyada təmsil edirlər. Onlardan da biri bizim gənc dirijorumuz Cavad Tağızadədir”.
Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova C.Tağızadənin uğurlarından danışıb.
Bildirilib ki, C.Tağızadə 2003-cü ildən simfonik orkestrdə çıxış edir. O, 2010-2011-ci illərdə Almaniyada təcrübə keçib.
İştirakçılara və təşkilatçılara minnətdarlığını bildirən Cavad Tağızadə öz yaradıcılıq planlarından danışıb, tədbir iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə dirijorun şəkillərindən ibarət slaydşou göstərilib.
Sonda konsert proqramı təqdim edilib.