Ölkəmiz Monteneqroda keçirilən 49-cu “Ratkoviç Poeziya axşamları” festivalında təmsil olunub
2019-cu ilin 3-5 sentyabr tarixlərində Monteneqronun Biyelo Polya şəhərində 49-cu “Ratkoviç Poeziya axşamları” festivalı keçirilmişdir.
Ölkəsində diplomat kimi də tanınan Monteneqronun ən tanınmış şairlərindən biri Risto Ratkoviç xatirəsinə həsr olunan festival regionun ən böyük və əhəmiyyətli mədəniyyət tədbirlərindən biri hesab edilir. Avropada mədəniyyət hadisəsinə çevrilən beynəlxalq festival Risto Ratkoviçin xatirəsinin anılması məqsədilə 1903-cü il 3 sentyabr tarixində anadan olduğu Biyelo Polya şəhərində artıq 49 ildir təşkil olunur.
Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç açılışını etdiyi tədbirdə, Balkan regionu ölkələri ilə yanaşı Türkiyə, Almaniya, Avstriya, Çin, Ukrayna, İspaniya və digər ölkələrdən tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. İlk dəfə bu festivalda ölkəmizi “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə təmsil etmişdir.
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin dəvəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin dəstəyi ilə tədbirdə iştirak edən Nigar Həsənzadənin şerləri və monteneqro dilinə tərcümə edilmiş şerlərinin Azərbaycan dilində ifası böyük maraq və alqışlarla qarşılanmışdır.
Festival çərçivəsində Nigar Həsənzadə Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç, Akademik Zuvdiya Hodzic, Müstəqil Yazıçılar Birliyinin sədri Milorad Popoviç, tanınmış dramaturq və yazıçı Dragana Tripkoviç, “Nyegoş” Xalq kitabxanasının təmsilçiləri Bojidar Proroçiç və Olivera Martinoviçlə görüşlər keçirilmişdir.
Monteneqro tərəfinin təşəbbüsü ilə Nigar Həsənzadənin yeni kitabının Monteneqro dilinə tərcümə edilməsi və çap olunması qərara alınmışdır.