Portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
17-23 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğu tərəfindən Portuqaliyalı məşhur rəssam Carlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçiriləcəkdir. (Ünvan: Neftçilər prospekti 49, Bakı) Sərginin açılış mərasimi 16 noyabr tarixində saat 19:00-da baş tutacaq.
Carlos Mota, Portuqaliyada, Ponta Delgadada anadan olmuşdur və Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində Daxili Memarlıq üzrə təhsil almışdır. O, hal-hazırda Lissabonda yaşayıb-yaradır. 1993-cü ildən etibarən, Mota mütamadi olaraq, həm öz ölkəsində həm də ölkəsindən kənarda fərdi və kollektiv sərgilər keçirir.
Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya (O, Braziliyanın Planalto Federal Prezident Sarayının daimi şəxsi kolleksiyasına əsəri daxil edilən ilk Portuqal və xarici rəssamdır. Bu kolleksiyadakı rəsm əsərinin ölçüsü 80x400 cm-dir.) daxil olmaqla bir sıra ölkələrdə nümayiş olunmuşdur.
1193-2002-ci illər yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində lentə alınmışdır və bir sıra Portuqaliya televiziya kanllarının mədəniyyət proqramlarında işıqlandırılmışdır.