16 may 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “Balet Ömrüm Mənim” sənədli filminə baxış keçirilmişdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmiş film Azərbaycanın görkəmli balet ustaları xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova həsr olunmuşdur. Sənədli filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.
Filmin nümayişindən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin filial müdiri Züleyxa Qarayeva-Bağırova çıxış etmişlər.
Ssenari müəllifi, musiqişünas, jurnalist Raya Abbasova sənədli filmin çəkiliş prosesi zamanı görülən işlər, kadr arxasında qalan maraqlı hadisələr haqqında danışdı.
Filmdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ Xalq Rəssamı Tahir Salahov, SSRİ Xalq Artisti, opera müğənnisi Fidan Qasımova, Azərbaycanın Xalq Yazıçısı Anar, Xalq Artisti, dirijor Rauf Abdullayev, Azərbaycan Respublikasının Xalq artisti Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında xatirə və fikirlərini bölüşürlər.
Filmə baxışdan sonra Azərbaycan baletinin canlı əfsanələri olan Rəfiqə Axundova və Maqsud Məmmədov öz ürək sözləri ilə çıxış etdilər.