Respublika Gənclər Kitabxanasında böyük yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbirlər keçirilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin qeyd olunması ilə əlaqədar Tədbirlər planı hazırlanıb.
Tədbirlər planının icrası ilə əlaqədar kitabxananın əməkdaşları 11 mart 2019-cu il tarixində görkəmli ədibin Fəxri Xiyabandakı məzarını ziyarət edib.
Daha sonra kitabxanada təşkil olunan “Cəlil Məmmədquluzadə - 150” adlı kitab sərgisinə baxış keçirilib.
12 mart 2019-cu il tarixində “Cəlil Məmmədquluzadə irsi” adı altında söhbət-mühazirə təşkil olunub. Kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva “Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran yazıçı” adlı mühazirəni iştirakçılara təqdim edib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin kitabxana fondu və kataloqlar üzrə laboratoriyanın müdiri Safura Hacıyeva, həmin fakültənin tələbələri Cəlil Mustafa və Jalə Aslanlı mövzu ətrafında çıxışlar edib.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə Gənclər Kitabxanası tərəfindən təşkil edilən tədbirlər il ərzində davam edəcəkdir.