Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə 5 dekabr 2018-ci il tarixində saat 11:00-da “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans, saat 15:00-da Azərbaycan Dövlət Musiqili Teatrında bədii proqram və kitabxana əməkdaşlarının təltifetmə mərasimi keçiriləcək.
Kitabxana sahəsi üzrə mütəxəssislərin, elm adamlarının iştirakı ilə baş tutacaq konfrans çərçivəsində Respublika Gənclər Kitabxanasının qabaqcıl əməkdaşları mükafatlandırılacaq.
Bədii hissədə “Onu demə zalım yar”, “Azad bir quşdum” mahnıları, “Şur” kompozisiyası, Fikrət Əmirovun “Sevil” operasından “Balaşın mahnısı”, Həsən Rzayevin “Cahargah” rapsodiyası, Frederik Şopenin “Ekspromt – fantaziya, Niyazinin “Rast”, Qara Qarayevin “Prelüd” №3, “Azərbaycan” rəqsləri ifa olunacaq və bədii hissə ilə davam edəcəkdir.
Qeyd edək ki, gənclər kitabxanaları üzrə elmi-metodiki mərkəz funksiyasını yerinə yetirən, əhalinin elmi, ədəbi və bədii informasiya tələbatının ödənilməsində fəal iştirak edən, gənclər üçün müfəssəl və müasir informasiya bazasını özündə cəmləşdirən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu günə qədər ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafı, müasir üsul və metodlar əsasında yenilənməsi məqsədilə həyata keçirilən çox sayda mütərəqqi layihələrin, innovativ təşəbbüslərin müəllifi olub.