Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 16-da şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad rayonunda 137-ci mövsümü qastrol səfərilə uğurla başa vurub.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Sabirabad Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.
Tamaşanın qurulşcu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 3, 12, 16-da Gəncə, Şəki və Sabirabadda yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə qastrol səfərində olub.