İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
Cari ilin 15 fevral tarixində Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun “İƏT-ə üzv ölkələrdə Destinasiyaların İnkişafı və Təsisatlanma Strategiyaları” mövzusunda 11-ci iclası keçirilmişdir.
Tədbirdə Misir, Qambiya, Qvineya, Malaysiya, Səudiyə Ərəbistanı və Türkiyənin turizm sahəsi üzrə dövlət qurumlarının, eləcə də Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının nümayəndələri və ekspertlər iştirak etmişdir.
Tədbir çərçivəsində turizmin qlobal meylləri, eləcə də tədbirin gündəliyinə uyğun olaraq turizm destinasiyalarının inkişafı, təsisatlanma strategiyaları və idarəetmə mövzusunda təqdimatlar nümayiş olunmuş və müzakirələr aparılmışdır.
Həmçinin, “İƏT-ə üzv ölkələrdə Destinasiyaların İnkişafı və Təsisatlanma Strategiyaları” mövzusunda aparılmış tədqiqatın nəticəsinə əsasən COMCEC-in növbəti nazirlər samiti zamanı təsdiq olunması nəzərdə tutulan üzv ölkələr üçün siyasi tövsiyələr müzakirələr olunmuşdur.
Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin məsləhətçisi Azər Orucov təmsil etmişdir.