İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe müəssisələrdə Müstəqillik Günü qeyd olunub
Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümü İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe müəssisələrdə də təntənəli şəkildə qeyd olunub.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimizin memarı və qurucusu” adlı tədbir təşkil olunub. Tədbirdə mərkəzin direktor əvəzi Kəmalə Qasımova çıxış edərək ölkəmizin keçdiyi şərəfli müstəqillik yolundan danışıb. Bildirib ki, müstəqilliyin daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Qobustan rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi və Qobustan şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 18 oktyabr - Müstəqillik Günü münasibəti ilə tədbir təşkil olunub. Tədbirdə məktəbin tarix müəllimi Faiq Hüseynov çıxış edərək ölkəmizin müstəqillik əldə etməsi yolunda apardığı mübarizədən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib. Xalqımız hər il bu əlamətdar günü çox böyük qürur hissi ilə qeyd edir.
Tədbirdə daha sonra şagirdlərin ifasında mahnılar ifa olunub, rəqs nömrələri nümayiş etdirilib, kitab sərgisi təşkil olunub.
Şamaxı rayon Mərkəzi kitabxanasında “Müstəqil dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa, “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” adlı kitab sərgisi təşkil olunub. Şamaxı rayon Dövlət Rəsm Qalereyasında İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işlərindən ibarət “Müstəqilliyimiz əbədidir” adlı sərgi açılıb.
Müstəqillik Günü Ağsu rayon Mərkəzi Kitabxanasında da qeyd olunub. Tədbir iştirakçıları müstəqillik illərində Azərbaycanın inkişafı və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olduğumuz tərəqqidən danışıblar.
Sonda tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.