Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gənc pianoçuların IV respublika müsabiqəsi və Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin laureatları ilə görüş keçirilmiş və Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilmişdir.
Tədbirdə çıxış edən idarə rəisi Mehman Şükürov mədəniyyət müəssisələrinin kollektivlərinə Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Birinci Mədəniyyət festivalında fəal iştiraklarına görə təşəkkürünü bildirib. O, bundan sonra bu kimi festivalların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
Idarə rəisi qeyd edib ki, fəaliyyətə başlayanda yeni kollektivlərin yaradılması qarşıya məqsəd qoyulmuşdu və hazırda bir neçə yeni kollektiv yaradılıb. Bunlardan müəllimlərdən ibarət xalq çalğı alətləri orkestrini və xor kollektivini, “Buta” qızlar ansamblını, sazçalan qızlar ansamblını, kukla teatrlarını və s. misal göstərmək olar. Həmçinin musiqi məktəblərinin xalq çalğı alətləri ansambllarının fəaliyyətinə toxunan idarə rəisi onların arasından istedadlı gənclərin üzə çıxacağına çox böyük ümidlər bəslədiyini bildirib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin bazası əsasında internet televiziyanın fəaliyyətə başladığı diqqətə çatdırılıb, istedadlı gənclərin bu televiziya vasitəsilə təbliğ olunmasının vacib olduğu qeyd edilib.
Sonda mədəniyyət festivalında fəal iştiraklarına görə mədəniyyət müəssisələrinin kollektivləri idarənin fəxri fərmanları ilə təltif edilib.