Sumqayıt Regional Mədəniyyət idarəsi
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib.Belə ki, Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Gənclər Fondu və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə dəstəyi ilə “Uğur Əngəl Tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə keçirilib.
Layihənin məqsədi Sumqayıt şəhərində yaşayan fiziki məhdudiyyətli və əlilliyi olan uşaqların daha çox inteqrasiyasına yardımçı olmaq, bacarıqlarını nümayiş etdirmək, dövlət qayğısından kənarda qalmadıqlarını onlara hiss etdirməkdir.
Yazıçı-publisist Hafiz İmamnəzərlinin aparıcılığı ilə keçən tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxış edərək bu kimi tədbirlərin bundan sonra da keçiriləcəyini, əl işlərinin satışının təşkil olunacağını və fiziki məhdudiyyəti olan gənclərə hər zaman dəstək olacaqlarını bildirib.
Tədbirdə iştirak edən qonaqlar - Əməkdar rəssam Vaqif Nəzirov, rəssam Nəsibə Şükürova, “Uğur Əngəl Tanımır!” layihəsinin rəhbəri Nərmin Kərimova, AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru Mehman Adıgözəlov, Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəlliməsi Qızyetər Dəmirova, Sumqayıt şəhər Ə.Kərim adına Poeziya Evinin direktoru şair İbrahim İlhaslı və digərləri çıxış edərək layihə haqqında fikirlərini bildiriblər.
Sərgidə Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi və Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 40-a yaxın şagirdin əl işləri nümayiş olunub. Sonra müsabiqənin qalibləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.